Ekonomiks 13:48 17.08.2013

Rüşvətxorluğa qarşı proqram təminatı yaradıldı

Çinin cənub-qərb hissəsində yerləşən Çunsin Şəhər Prokurorluğu "Android" və "iOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün əlavə hazırlayıb.

İctnews.az xəbər verir ki, "Vəzifə cinayətlərindən çəkinin" adlı proqram dövlət məmurları tərəfindən yol verilən korrupsiya halları barədə təcili xəbər verməyə imkan verir və onu artıq mobil qurğulara yükləmək mümkündür.
   
Əlavə vətəndaşlara qurğu ekranına bircə dəfə toxunaraq müvafiq dövlət orqanının telefon nömrəsini yığmaqla və ya internet səhifəsinə daxil olmaqla məmurlar tərəfindən yol verilən rüşvətxorluq və vəzifə səlahiyyətlərini aşma halları haqqında prokurorluğa məlumat verməyə şərait yaradacaq. "Proqram vəzifə cinayətləri barədə xəbərin çatdırılması prosedurunu sadələşdirir. Əsas məqsəd hakimiyyət orqanlarına onlara ictimaiyyət tərəfindən nəzarətin olmasını xatırlatmaqdır", - yerli prokurorluq nümayəndəsi bildirib.   

Yeni əlavə həm də maarifləndirici xarakter daşıyır. Məsələn, proqram gələcəkdə korrupsiya hallarını aşkar etmək və ya qarşısını almaq üçün məmurun qanuni və qanunsuz hərəkətlərini ayırd etməyi öyrənmək məqsədilə təlimat təqdim edir.

Qaynar.info