Ölkə 18:35 25.01.2018

Röyanın keçmiş əri məhkəmədə atasıyla üzləşdi - nələr danışdı?

"Çudo Peçka” və "ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə davam edib. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə əməkdar artist Röya Ayxanın keçmiş əri, Çingiz Cəlilovun oğlu Anar Cəlilov dindirilib.

O, ümumi olaraq şirkətinin işindən danışıb: ""Çudo Peçka" MMC un məmulatlarının istehsalı və satışı ilə məşğul olub. Bizim bankla münasibətlərimiz 2006-cı ildən başlayıb. Həmin vaxt işlərimiz biraz pisləşmişdi. Həmin dövrdə kreditləri ödəyirdik. 2011-ci ildən firmanı onların adına keçirdik. O zaman razılaşdıq ki, bütün borcları siləcəklər".
 
A.Cəlilov qeyd edib ki, 2006-cı ildə onun adına pul götürüblər: "Mən pula əl vurmurdum. Gedib sənədlərə qol çəkirdim. Heç bir ehtiyacım olmayıb. Atam bir dəfə yanına çağırıb, bakdan kredit götürüləcəyini deyib. Dedi ki, Çudo Peçka"nın fəaliyyəti ilə bağlı  "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın "MUM" Univermağının yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm".
 
Bu zaman Çingiz Cəlilov yerindən etiraz edib. O bildirib ki, Heydər Babayev və arvadı tərəfindən bu işlər qurulub: "Onların tulası Kirman da pulları yeyib, bizim kimi adamları ortalığa atıb. Mən bunların hamısını danışacam. Oğlum Anar mənim istəyimlə kredit götürüb. İş bu qədər sadədir.  Anar, nə var, danış".

Anar Cəlilov bildirib ki, 15 milyon manatdan çox kredit ödənilib: "Biz 20 milyon manat götürmüşük, 15-16 milyonu qaytarmışıq. Həmin dövrdə vəziyyət yaxşı olmadı. O zaman biz onlara firmanı verdik. Dedilər ki, firmanı genişləndirəcəklər. Mənim bu işlərdən ümumiyyətlə xəbərim olmurdu".
 
Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyib aralarında bölüblər.
 
Çingiz Cəlilov və yaxınlarına aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.
 
Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Səlim Kirman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.