Foto 16:02 05.12.2017

Tərəfdarları Saakaşvilini azadlığa çıxartdı (YENİLƏNİR+VİDEO)

Mixeil Saakaşvili azadlığa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, sabiq Gürcüstan prezidentinin tərəfdarları Ukrayna güc strukturlarına məxsus mikroavtobusu mühasirəyə alaraq onun hərəkətinə mane olublar. Daha sonra isə Saakaşvilini azadlığa çıxarıblar. 

Sabiq prezident tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.

12.58
 
Saakaşvili hakimiyyəti devirməyə cəhddə ittiham olunur. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib. "Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur", - vəkil deyib.

Başqa bir məlumata görə isə Saakaşviliyə qarşı cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham irəli sürülüb. Bbarədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidmətindən bildirilib. Onun dindiriləcəyi planlaşdırılır.
 
12.14

Mixeil Saakaşvili saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə unian.net-ə Yuri Derevyanko məlumat verib.

O, mülki geyimli şəxslərin əhatəsində evindən çıxarılıb.

Təhlükəsizlik qüvvələri onu evinin damında tutaraq həbs ediblər: "Onun hara aparıldığı haqqında isə heç bir məlumatımız yoxdur".

Hazırda Saakaşvilinin yaşadığı bina ətrafında çoxsaylı tərəfdarları və yüzlərlə polis toplanıb.


 
12.07
 
Hazırda Saakaşvilinin yaşadığı binanın ərazisinə əlavə polis qüvvələri cəlb olunub.

Qaynarinfo-nun verdiyi xəbərə görə, çoxsaylı polis qüvvələri binaya daxil olmağa çalışır, Saakaşvili tərəfdarları isə onların qarşısını kəsməyə cəhd edir. 
 
11:29 
 
Saakaşvili: "Toxunsanız, özümü damdan atacam"
 
Gürcüstanın sabiq prezidenti, "Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə "1+1" telekanalı məlumat yayıb.

"Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, - deyə məlumatda bildirilir.
 
 
 
11:11
 
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün "Facebook" səhifəsində yazıb.

"Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, - Sakvarelidze yazıb.

"NewsOne" telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.