Bu gün Tbilisi şəhər məhkəməsində Gürcüstanın eks-prezidentinin şəxsən ilk dəfə iştirak etdiyi Mixail Saakaşviliyə qarşı ittihama baxılan məhkəmə prosesi başlayıb.
Qaynarinfo Novosti-Georgia-ya istinadla xəbər verir ki, son səkkiz il ərzində Saakaşvili Gürcüstanda olmayanda hökumət ona vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə çoxlu ittihamlar irəli sürüb. Nəticədə, qiyabi məhkəmələrdə Saakaşvili təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib - bu, onun oktyabrın 1-də saxlandıqdan sonra çəkdiyi cəzadır. Bundan başqa, Saakaşviliyə qarşı daha iki cinayət işi başlanıb.
Bugünkü məhkəmə prosesi 7 noyabr 2007-ci il işi ilə bağlıdır. Mixail Saakaşvili və onun nazirlər kabinetinin üzvləri: David Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili mitinqin dağıdılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, habelə İmedi TV-nin talan edilməsinə çevrilmiş xüsusi əməliyyat keçirməkdə ittiham olunurlar.
İşə üç hakimdən ibarət kollegiya baxır.
İclas Gürcüstanın İctimai Televiziyası istisna olmaqla, bütün KİV-lər üçün qapalı keçirilir.
Vəkil Bek Basilayi məhkəməyə müraciət edərək, bütün media qurumlarının iclasda iştirakına və onu canlı yayımlamasına icazə verilməsini istəyib.
Digər vəkil Şota Tutberidze məhkəmə prosesini Facebook sosial şəbəkəsində yayımlayarkən, bununla bağlı hakimdən irad alıb və yayımı dayandırıb.
Müxalifət tərəfdarları səhər saatlarından məhkəmə binasının qarşısında toplaşıblar. Ərazini yüzlərlə polis qoruyur. Polis artıq etirazçılara qarşı bibər qazından istifadə edib - bu, bir neçə nəfərin təhlükəsizlik kabinəsinə qalxdıqdan və oradan Gürcüstan, ABŞ və Ukrayna bayraqları dalğalandırmasından sonra baş verib.
Həmçinin günün ikinci yarısında mitinqdə keçmiş müttəfiqi və Tbilisinin meri Gigi Uqulava saxlanılıb - o, polisin tələblərinə tabe olmamaqda ittiham edilərək polis bölməsinə aparılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər