Sənət 13:55 27.02.2015

Sabah Sevinc Çılğının imza günüdür

Şənbə günü Park Bulvarda yerləşən "Əli və Nino" kitab mağazasında Yazar Sevinc Çılğının "Yumurta" adlı ilk hekayələr kitabının imza günü keçiriləcək.

Mərasim saat 16:00-da başlayacaq və 19:00-a qədər davam edəcək.

"Qanun" nəşriyyatında işıq üzü görən kitaba müəllifin 13 hekayəsi daxil edilib.

Müəllif kitabını oxuculara belə təqdim edir: "YUMURTA" – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır.
Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır…"

Kitab fərqli və maraqlı konsepsiya üzərində qurulub,  "Cift" və "Döl" adlı iki hissədən ibarətdir. Bu bölmələrə isə uyğun olaraq yazarın ilkin və sonrakı hekayələri toplanıb.

Kitabdakı hekayələrin mövzu və üslubları bir-birindən fərqli olsa da, qəhrəmanları əsasən qadınlardır.

Qeyd edək ki, Sevinc Çılğın əsasən şair kimi tanınsa da, məhz hekayələrinə görə, "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərindən biri seçilib.

"Yumurta" müəllifin sayca ikinci kitabıdır. "Alaçarpa" adlı ilk kitabında yazarın şeirləri toplanmışdı.

Yaxın günlərdə kitaba geniş təqdimetmə mərasimi keçiriləcək. Bu barədə oxuculara əlavə məlumat veriləcək.

Qaynar.info