Sənət 17:46 20.11.2018

Sabah tələbə-rəssamların satış-yarmarkası keçiriləcək

21 noyabr, 2018-ci il saat 19:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və "Nur Art House” qalereyasının birgə təşkilatçılığı ilə Universitetin Rəssamlıq fakültəsinin "45+1 İncəsənət Yarmarkası” adlı ilk xeyriyyə yarmarkası keçiriləcəkdir. Universitetin Rəssamlıq fakültəsinin tələbələrinin əsərlərinin nümayişi və satışının nəzərdə tutulduğu incəsənət yarmarkasının proqramı üç seksiyadan ibarətdir: "Təsviri sənət”, "Dizayn və dekorativ tətbiqi sənət”, "Təsviri sənət tarixi və nəzəriyyəsi".

"Təsviri sənət” seksiyasında "Rəngkarlıq” və "Qrafika” ixtisaslarında təhsil alan tələbələrin, "Dizayn və dekorativ tətbiqi sənət” seksiyasında isə "Dekorativ tətbiqi sənət” və "Dizayn” ixtisaslarında təhsil alan tələbələrin əsərləri təqdim olunacaqdır. 

"Təsviri sənət tarixi və nəzəriyyəsi" seksiyasında "Sənətşünaslıq” ixtisasında təhsil alan tələbələrin və eyni zamanda muzey və qalereya nümayəndələri, məşhur rəssamlar, sənətşünaslar, kuratorlar, kolleksionerlərin iştirakı ilə incəsənətə dair müxtəlif mövzularda müzakirələr aparılacaq. 

Müxtəlif ixtisasları bir platformada təqdim edərək yaradıcılıq təhsilinin müxtəlif yönümlülüyünü göstərmək, gənc rəssamların və sənətşünasların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi daşıyan incəsənət yarmarkasının hər il bir dəfə keçirilməsi və növbəti illərdə digər yerli və xarici universitetlərin layihəyə cəlb olunması planlaşdırılır. 

Qeyd edək ki, yarmarkadan əldə olunan gəlir xeyriyyə məqsədi istifadə ediləcəkdir. Təhsil haqqını ödəməkdə çətinlik çəkən ADMİU tələbəsinə dəstək veriləcəkdir.

Layihə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin IV kurs sənətşünaslıq ixtisasında təhsil alan tələbələrin təşəbbüsü ilə həyata keçirilir.