Ölkə 12:15 28.01.2022

Sabiq xidmət rəisinə hökm oxundu: 11 il həbs cəzası, 600 min manat...

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanova hökm oxunub.

Qaynarinfo xəbər verir ki, sabiq rəis 11 il azadlıqdan məhrum edilib. Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Zakir Sultanovun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib. 
Mədəniyyət Nazirliyinin mülki iddiası təmin olunub.

Xatırladaq ki, prokuror Zakir Sultanova 12 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rafiq Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.