Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir.
Qaynarinfo xəbər verir ki, Sabir bəy bu gün Neftçala rayonun Boyat, Ballıca və Qədimkən kəndlərində seçicilərlə görüş keçirib. VHP sədrinin digər görüşləri kimi bu görüşə də kənd sakinləri böyük maraq göstərib.
S. Rüstəmxanlının seçki qərargahından verilən məlumata görə, seçicilər qarşısında çıxış edən VHP Sədri bölgənin və burda yaşayan insanların problemlərindən danışıb, onların həlli yollarını ifadə edib: "Neftçala həm təbii resurslarına, həm coğrafi mövqeyinə, həm də burda yaşayan insanların əməksevərliyinə görə bölgənin inkişaf etmiş rayonlarından biri olmalıdır. Millət vəkili seçəcətim təqdirdə bunun üçün nəzərdə tutduğum proqramı tam şəkildə həyata keçirməyə calışacam. Mən rayonun problemlərini bilirəm və həlli üçün əlimdən nə gəlirsə, edəcəm. Eyni zamanda ümumölkə problemlərinin, Qarabağımızın işğaldan azad edilməsi, Azərbaycan insanının sosial problemlərinin həlli üçün bütün varlığımla mübarizə aparacam”.
Çıxışında Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə keçdiyi həyat yolundan və ölkəmiz üçün tarixi gərəkliyi olan vətəndaş həmrəyliyi ideyasından danışan Sabir Rüstəmxanlı qeyd edib ki, bizi təkcə öz ərazimiz yox, bütün ölkənin problemləri maraqlandırır: "Bizim borcumuzdur ki, qurduğumuz dövlətin və bu dövlətin vətəndaşının hər bir probleminin həlli üçün əlimizdən gələni edək”.
Görüş zamanı seçicilərdən bir neçəsi çıxış edib.
Sonda Sabir Rüstəmxanlı sakinləri bir-bir dinləyərək onların suallarını cavablandırıb. Sakinlər isə onu dəstəklədiklərini ifadə edərək seçkidə məhz ona səs verəcəklərini bildiriblər.
Şərhlər