Ölkə 15:35 11.03.2020

Sabir Rüstəmxanlı: “VHP müxalifətin mənafeyini öz çiyinlərinə götürdü”

"Nəhayət ki, rəhbərlik etdiyim partiya haqqına qovuşdu”.

Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Fəzail İbrahimlinin vitse-spiker seçilməsindən danışarkən deyib. O, uzun illər Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdə 2 yaxud 3 deputatla təmsil olunduğunu vurğulayıb:

"Rəhbərlik etdiyim partiya uzun illərdir ki, Milli Məclisdə təmsil olunur. Parlamentdə Yeni Azərbaycan Partiyasından sonra ikinci yeri tutur. Bu bizim partiyanın haqqı idi. Nəhayət ki, partiya haqqına qovuşdu. Partiya əslində Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının mənafeyini öz çiyinlərinə götürdü. Hesab edirəm ki, bu müxalifətin ümumi probleminin həllinə daha yaxşı kömək edəcək”.
 
Sabir Rüstəmxanlı arzusunu da dilə gətirib:

"Arzum odur ki, Azərbaycan vətəndaşları yaxşı yaşasınlar. Dünyada gedən böhran, koronavirusun gətirdiyi sıxıntılar Azərbaycan əhalisinin yaşayışına az təsir göstərsin”.

Bahar Rüstəmli