Ölkə 12:31 24.09.2020

Şagirdlərin koronaya yoluxmasında günahkar kimdir? (EKSPERT)

"8 gündür tədris ili başlayıb, 200-dən çox şagird və müəllimin yoxlamasını əks etdirən rəsmi rəqəmlər var”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov şagirdlərin koronavirusa məktəbdə, yoxsa məktəbə qədər yoluxması ilə bağlı suallara cavabında deyib. Ekspert qeyd edib ki, şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi:

"İndiyə qədər yoluxma dalğasının hətta ən pik nöqtəsində belə virusun şagirdlər  və azyaşlı uşaqlar arasında yayılması çox nadir hallarda rast gəlinirdi. 8 gündür tədris ili başlayıb və 200-dən çox şagirdin, müəllimin yoluxmasını əks etdirən rəsmi rəqəmlər var. Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predmeti olmayıb. Azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib. Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır. Hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, bundan sonra virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır. 

Şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi. Bu, bütün dünyada var”.
 
 

Kamran Əsədov bildirib ki, əsas problem virusun geniş yayılmasının qarşısını almaqdır: 

"Təəssüf ki, yoluxmalarda günahkar iki tərəfdir. Birincisi, valideynlər, ikincisi, məktəblər. Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradır və ara məsafəsi gözlənilmir. 

Məktəblər ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur və nəticədə sıxlıq yaranır”.

Ekspert hesab edir ki, yoluxma halları nəzarət çərçivəsindən çıxsa, sərt tədbirlər həyata keçirilə bilər: 

"Amma bu, tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda, virus ilə yaşamağa məcburuq. Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu, yetərli deyil. Təklif edirəm ki, məktəblərdə qoruyucusu maskalardan istifadə şagirdlər üçün də məcburi olsun, şagirdlər əllərini hər tənəffüs zamanı yusun, məktəblər bir yox, bir neçə giriş və çıxışdan istifadə etsinlər”.

Bahar Rüstəmli