Ölkə 11:58 04.03.2020

Şahlar Əsgərov: "Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"

"Azərbaycan Respublikası ərazisinin bir hissəsi Ermənistan Respublikasının təcavüzü nəticəsində zəbt edilib. Dövlətimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əsas yolunu siyasi müstəvidə görür. Lakin bununla yanaşı, öz döyüş potensialını artırır.

Bunun səbəbi də düşmən siyasi yolla torpaqlarımızı azad etməyə imtina etdiyi təqdirdə, güc tətbiqi ilə öz ərazi bütövlüyümüzü bərpa etmək qabiliyyətində olmaqdır".

Bunu Təhsil Nazirliyinin İctimai Şurasının sədri, təhsil eksperti Şahlar Əsgərov orta məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlıq” fənninin tədrisi ilə bağlı münasibət bildirərkən deyib:

"Orta təhsil sistemində işləmədiyimə görə, fikirlərimi sizinlə yalnız ziyalı kimi bölüşə bilərəm. Aparılan danışıqlar nəticəsiz qaldığı təqdirdə, münaqişənin həlli metodu kimi məhz silahlı mübarizə də seçilə bilər. Bu da ölkəmizdən müharibəyə hazır olmasını tələb edir. Müharibəyə hazırlıq həm ərazilərin hazırlığından, həm də vətəndaşların müharibəyə hazır olmasından ibarətdir. Bunun üçün birincisi, orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir. Azərbaycana dost olmayan dövlətlər öz ideyalarını bəzən asanlıqla keçirə bilirlər. Hansısa ideologiyaya əsaslanaraq orta məktəblərdə hərbi dərsləri minimuma endirirlər. Bunu mən anormal sayıram və güman edirəm ki, gənclərimiz silahdan mükəmməl istifadə etməyi bacarmalıdırlar”.

Mənbə: big.az