Vüsal Bağırlı

Şahmata marağım məşhur rus şahmatçısı Aleksandr Alyoxinin həyatından bəhs edən, indi isə adını xatırlamadığım sovet filminə baxdıqdan sonra yarandı. Oyunun qaydalarını bilməsəm də, araşdırmağa başladım. Sonra, digər qrossmeysterlər - Lasker, Kapablanka, Eyve, Steynts, Fişer haqqında oxudum.

Kənddə bağda, ağaclar, otlar arasında, əsrarəngiz yay gecələrində hər axşam şahmat oyunları keçirilərdi. Oyunlar bəzən səhərə qədər davam edərdi. Ağ-qara damalı taxta üzərinə düzülən anlaşılmaz fiqurlar məni cəzb edir, oyunçuların dərin düşüncələrə dalaraq alınlarını ovuşdurması, gərgin mimikalar, oyun həyəcanları, mübahisələr maraqlı gəlirdi. 

Heç bir hərəkət uşaq təfəkkürünün həssas diqqətindən yayınmırdı. Beləcə müşahidə edir, gedişləri, kombinasiyaları, qalaqurma, müdafiə və hücum üsullarını öyrənirdim.

Yadıma gəlir, 6 və ya 7 yaşım olarkən, evimizin yanında açılmış şahmat məktəbində yaşca və bədəncə özümdən xeyli böyük rəqibimin bütün fiqurlarını udmuşdum. Lakin, onu mat vəziyyətinə sala bilmirdim və buna görə də, qəzəbimdən ağlayır, göz yaşı tökürdüm.  

O vaxtdan, sirli və möcüzəli oyun məni öz sehrinə və tilsiminə saldı.

Nəyi yazmaq istəyirdim, hara gedib çıxdım?

Beləliklə, noyabr ayının 9-u bu qədim oyunun əsas turniri start götürdü. Yaxın 19 gün ərzində, İngiltərənin paytaxtı Londonda, dumanlar və çiskinlər şəhərində, "dünyanın ən yaxşı şahmatçısı kimdir?” sualına cavab tapılacaq.

Bəs ən güclü kim olacaq?

Virtuoz, improvizə, mittelşpil və endşpil ustası Maqnus Karlsen, yoxsa, şahmat elitasına hələ o qədər də tanış olmayan sima, ciddiyə alınmayan gənc, amerikalı Karuana?

Vikinq soyuqqanlılığı, ya italyan temperamenti? Bunlardan hansı?

Hələlik, olduqca ehtiyatlı keçən iki oyunda heç-heçə qeydə alınıb. Bütün suallara isə 28 noyabrda, 12 partiyalıq turnirin sonuncu günü cavab veriləcək.

Bizə isə hücum taktikalarına, hiyləgər kombinasiyalara, qeyri-adi debütlərə, gözlənilməz endşpillərə baxmaq və bu yüksək səviyyəli oyunlardan zövq almaq qalır.