Ekonomiks 13:37 17.06.2014

Salyan avtovağzalında nə baş verir?

Avtovağzal, ticarət mərkəzi və şadlıq sarayı. 

Bu sözləri oxuyan zaman insanın ağlına 3 müxtəlif yer gəlir. Amma bu Salyan rayonu üçün keçərli deyil. Çünki əvvəllər bölgənin əsas sərnişin paylama nöqtəsi olan Salyan avtovağzalı indi bu üç işi birdən həyata keçirir. 

Bir neçə gün öncə Salyan rayonuna 2 günlük səfərimiz oldu. Rayona gedib-gələrkən avtovağzaldan istifadə etdik. Orada olan mənzərə beləydi: avtovağzal həm ticarət mərkəzidir, həm də şadlıq sarayı. Bunu heç gizlətmirlər də. Avtovağzalın adının yanında da yazılıb. Hazırkı vəziyyətdə avtovağzalda avtobuslar belə dayana bilmirlər. Sərnişinlərin gözləmə zalı isə  “Avtovağzal” şadlıq evinə çevrilib. Bu şadlıq evi Salyanın ən bahalı şadlıq evi hesab olunur. Amma xidmətin səviyyəsi kifayət qədər aşağıdır.

Araşdırmamız zamanı aydın oldu ki, əvvəllər dövlət müəssisəsi olan Salyan avtovağzalı səhmdar cəmiyyətə çevrildikdən sonra özəl mülk kimi istifadə edilir. Belə ki, avtovağzalın həyəti ödənişli maşın dayanacağına çevrilib. Ətrafda isə bazar fəaliyyət göstərir. Taksi sürücüləri isə avtovağzaldan kənara qovulub və onlar ensiz Bakı-Astara yolunu demək olar ki, bağlayırlar və burda nəqliyyatın hərəkətinə ciddi problemlər yaradırlar. Buna baxmayaraq, küçədə duran taksi sürücülərinin heç biri haqq vermədən orda dayana bilməz.

Rayonlararası taksilər vağzal ərazisindən çox uzaqda dayansalar da hər səfərdə avtovağzala 2 manat ödəniş edirlər. Salyan avtovağzalının sahibi Bakıya gedən mikroavtobuslardan isə 12 manat alır. Maraqlıdır ki, toplanan bu pullarla bağlı heç kimə qəbz verilmir və demək olar ki, avtovağzalda hər il nə qədər vəsait vergidən yayındırılır.

Bakıya doğru yol alan hər bir taksidən 4 manat yer pulu alınır. Hər gün isə Salyandan Bakıya doğru 20-dən artıq taksi yola düşür. Həmin taksilərin avtovağzaldan kənarda dayanmasına baxmayaraq, onlar da avtovağzala ödəniş etmək məcburiyyətindədirlər. Təbi ki, burada da heç bir qəbz verilmir. 

Onu da qeyd edək ki, avtovağzalın hazırkı sahibi Nurəddin Hidayət oğlu Məlikovdur. Onu rayon sakinləri arasında kobud, təhqiramiz sözlərdən istifadə edən biri kimi tanıyırlar. Buna yetərli səbəbləri də var. 2013-cü ildə Nurəddin Məlikov öz işçisinin oğlu tərəfindən ağır bıçaq xəsarəti almışdı. Buna səbəb isə ona xəsarət yetirən şəxsin anasını N.Məlikovun təhqir etməsi olmuşdu. 

“Bir tikilidən qazandıqları ilə gözləri doymur”

Yerli sakinlər vağzaldan şikayət edirlər: “Bilinmir bura vağzaldır, şadlıq saraydır, yoxsa bazar. Ərazinin bir hissəsini qida məhsulları, göy-göyərti, mer-meyvə, min cür xırdavat satılan piştaxtalar tutub, hər tində-bucaqda zibil qalaqları var. Bu antisanitariya vəziyyətini rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyindən başqa hamı görür. Başa düşürük ki, bizim məmurlar belədir. Bir tikilidən qazandıqları ilə gözləri doymur. Daha artıq qazanmaq istəyirlər. Amma bu qədər də özbaşınalıq olmaz axı”.

“Tez-tez yer haqqını qaldırırlar”

Sakinlərin dediklərinə görə, tez-tez yer haqqının qaldırılması etirazlara səbəb olur: “Onsuz da rayon yeridir, camaatın qazancı çox azdır. Camaatın çoxu işləmir. Bunlar da lap ağ edirlər. Yer haqqını qaldırırlar. Elə bil, milyon qazanırıq. Hər dəfə qiymətləri qaldıranda haqlı etirazlar yaranır”. 

Sürücülər də şikayət edir: “Mən Salyan-Bakı-Salyan marşrutuyla taksi sürürəm. Bakıdakı dayanacağımızı dağıtdılar. Həmin vaxta qədər 2 dəfə yerimizi dəyişdirdilər. İndi də tamam dayanacaqsız qalmışıq. Yolun kənarında dayanırıq. Üstəlik, buna görə də pul ödəyirik. Nəqliyyat müfəttişləri də bu yandan bizi sıxışdırırlar. Gəlirik rayona. Burada da vəziyyət fərqli deyil. Yenə də yol kənarında dayanırıq. Buna görə də pul ödəyirik. Üstəlik, sıra olmadığı üçün sürücülər arasında hər gün mübahisə yaranır”. 

“Günah sürücülərin özlərindədir”

Sərnişinlər sürücüləri ittiham edirlər: “Mən indi Bakıya gedirəm. Taksilərə yaxınlaşan kimi dava başlayacaq. Bir sürücü digərini söyəcək. Müştəri məsələsinə görə biri-birinin ətini yeyirlər. Günah sürücülərin özlərindədir. Sıra mədəniyyətləri yoxdur. Siyahı tutsalar, sıra ilə hərəkət etsələr, belə problemlər yaşanmaz”.

musavat.com