Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Ələt-Astara magistral yolunda sərnişinin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qaynar.info FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb.
Qəza zamanı həmin ərazidə “Mercedes” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 01.19-da başa çatıb.
Sabirabadda baş verən yol qəzasında isə bir ailənin 4 üzvü yaralanıb, biri isə ölüb. Sabirabad polis şöbəsindən APA-ya verilən məlumata görə, avtoqəza axşam saat 20.50-də, Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verib.
Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Hənifəyev Heybətin idarə etdiyi “Mercedes” markalı 90 UF 115 dövlət nömrə nişanlı avtomobil, Axtaçı-Muğan kənd sakini, 1977-ci il təvəllüdlü Məhəmmədov Məhəmməd Şahin oğlunun idarə etdiyi VAZ 2107 markalı 99 AM 524 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin, Axtaçı-Muğan kənd sakini 1975-ci il təvəllüdlü Mehdiyev Adəm Nüsrət oğlu xəstəxanaya aparılarkən yolda ölüb.
VAZ 2107 markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər -Axtaçı-Muğan kənd sakinləri, 1983-cü il təvəllüdlü Məhəmmədov Məhəbbət Şahin oğlu, 2009-cu il təvəllüdlü Məmmədli Şahin Məhəmməd oğlu və 1981-ci il təvəllüdlü Mehdiyev Namiq Böyükağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info
Şərhlər