Foto 15:20 01.06.2019

Sayı cəmi 10 min nəfər olan xalqın yarısı Azərbaycanda yaşayırmış... (REPORTAJ, FOTOLAR)

Dostumuz Allahyar bəy işi ilə bağlı Qəbələyə gedəcəyini deyib mənə də yoldaşlıq təklif edəndə dərhal razılaşdım. 

Bakı artıq təbiətdən tamamilə qopmuş, tamamilə betonlaşmış, asfaltlaşmış, öz təbii və tarixi aurasını itirmiş, plansız şəkildə, necə gəldi, üstəlik, qeyri-estetik tikilən göydələnlərə təslm edilmiş şəhərdir. Artıq burada fəsillərin dəyişdiyini bircə insanların geyim-gecimindən hiss etmək olur. Nə yazın təravətini hiss edirsən, nə payızın gözəlliyini. Yay bürküsü ilə boğur, qış bozluğu ilə darıxdırır, yorur. Başkəndə sonuncu yağan qarı xatırlayan varmı? O ayrı məsələdir ki, bu böyük, getdikcə lap yöndəmsizləşən şəhərdə qar, yağış yağsa bir dərddir, yağmasa başqa bir dərd. 

Çox başınızı ağrıtmayım. İlin, mənə görə, iki ən gözəl ayından biri olan mayın (digəri oktyabr) gözəlliyini görmək üçün Allahyar bəyin təklifi göydəndüşmə oldu, daha iki dostumuzla – Sadiq bəy və Məmməd müəllimlə yola düzəldik. 

İstər yolboyu, istərsə də dolaşdığımız yerlərdə təbiətlə iç-içə, üz-üzə, göz-gözə olmağın verdiyi rahatlıq, dinclik üstümüzdən Bakının bütün ağırlığını, bozluğunu, yorğunluğunu atdı.

Səfərimizin ən unudulmaz məqamı isə Qəbələdə, Nic kəndində udi ocağı ilə tanışlıq oldu. 

Nic kəndi (əslinə qalsa, 2005-ci ildən qəsəbə statusu alıb, ancaq nədənsə mənim bu "qəsəbə" sözünə heç ürəyim qızmır) Qəbələ şəhərindən 40 km cənub-qərbdə, Qəbələ-Oğuz avtomobil yolunun kənarında yerləşir, rayonun ən iri kəndidir. 

Nic kəndini xüsusilə özünəməxsus edən burada qədim bir xalqın kompakt halda yaşamasıdır. Söhbət udilərdən gedir. 

Qafqaz Albaniyasının sakinləri olan udilərin bütün dünyada sayı 10 min nəfəri ötmür. Onun  təxminən yarısı – 4500 nəfəri Azərbaycanda yaşayır. Bu rəqəmin böyük hissəsi isə Nicin payına düşür – hardasa 4000 nəfəri... 

Udilər inanc etibarilə xristiandırlar. Öz dilləri var. Nicdəki Azərbaycan Udi ocağında olarkən bələdçi xanımdan udicə danışmağı xahiş etdik. Onun qısa nitqində qulağımıza xeyli tanış sözlər dəydi.  

Nicdə 1-ci sinifdən 4-cü sinifədək uşaqlara həftədə iki dəfə udi dilinin keçirildiyini öyrənirik. Açığı, buna çox sevinirəm. Etnik rəngarəngliyimiz bizim ən əvəzsiz zənginliyimizdir. Bu zənginliyi qorumaq, bu zənginliyə sayğı duymaq, bu zənginlikdən faydalanmaq lazımdır – həm də qeyd-şərtsiz! 

Nicdə 3 kilsə var, onlardan ən əhəmiyyətlisi Cotari alban-udi kilsəsi sayılır. 

Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından sayılan bu məbəd I-II yüzilliklərə aid edilir. İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə bina edilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Dördkünc planda inşa edilən məbədin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub.

İndi udilər öz dini ayinlərini əsasən burada icra edirlər. 
 

Udi ailəsi Qanqalovların qədim mülkü. XVII əsr

İş elə gətirdi ki, biz Qəbələyə getdiyimiz gün məhz Azərbaycan Udi Ocağında gecələməli olduq. 

Nə gizlədim: elə o bir gecədəcə təbiət gözəlliyi ilə tarixi qədimliyin yaratdığı ahəng, harmoniya özümü məişət qayğılarından, həyatın dürlü-dürlü çirkablarından arındırıb quş kimi yüngül hiss etməyə kifayət elədi. 

Azərbaycan Udi Ocağı 3 hektar ərazidə yerləşir. Burada yüzlərlə ağacın əhatəsində yaşı 300-ü haqlayan qədim mülk var. Bu ev qədimdə Qanqalovlar ailəsinə məxsus imiş. Mülk sahibi vaxtilə udi xalqının dini rəhbəri olub. Ev XVII yüzillikdə daş təməl üzərində çiy kərpicdən tikilib. 

İndi mülk muzeyə çevrilib: burada udilərin məişətini, məşğuliyyətini, mədəniyyətini əks etdirən saysız-hesabsız eksponatlar var. Hər bir eksponat tarixdən əsintidir –  insanın ruhuna inanılmaz bir dinclik , sərinlik gətirir. Bu tövbə otağıdır. Bu isə dua otağı. Bu da yataq otağı: çarpayısından tutmuş yorğan, döşək üzlərinə qədər hamısı uzun illər öncənin yadigarlarıdır. Təmiz və səliqəli olsalar da, tarixin tozlu səhifələrinin qoxusu dəyir adamın burnuna... 

Mülkün çardağına qalxırıq:  burada da saysız-hesabsız udi eksponatları sərgilənir. Bir anlıq zaman maşını ilə illər öncəyə dönmüş kimi hiss edir adam özünü. 

Mülkün ərazisində xeyli maraqlı tikililərə rastlayırıq: çörək bişirmək üçün iki təndir. Şərab və araq çəkmək üçün yay tikilisi. Həyətyanı sahədən yığılan meyvə və tərəvəzləri konservləşdirmək üçün xüsusi otaq. Tütün qurutmaq və və ipəkqurdu baramasını bəsləmək üçün çardaq otağı.  Üzümü presləmək və sıxmaq üçün iri daş quyu. 
 


Və bir də tez-tez qarşımıza çıxan qəribə və gözəl şəkildə toxunulmuş daş oymalar. Bu oymalar qədim bir xalqın tarixin bütün məşəqqətlərinə mətinliklə sinə gərərək öz varlığını zamanın alnına bir möhür kimi basmasının, həkk etməsinin işarəsidir sanki.   

Bizə bələdçilik edən xanım udilərin çətin, keşməkeşli taleyini və zəngin mədəniyyətini gözlər önünə sərən bu muzeyi rəssam Şahvələd Məmmədovun öz təşəbbüsü ilə yaratdığını deyir və təşəkkür etməyi unutmayır. Həqiqətən təşəkkürə layiq, dəyərli işdir. Odur ki, bələdçi xanıma biz də qoşuluruq. 

(I yazının sonu)

Elnur Astanbəyli, 
Qaynarinfo.az