Anar Əsədli
Dünən YAP-ın Siyasi şurasının parlamentin buraxılması ilə bağlı Prezidentə müraciəti səsləndi. Böyük ehtimal Prezident məsələyə müsbət reaksiya verəcək. Bununla bağlı bir neçə fikri bölüşmək istəyirəm.
Doğrusu, indiyə qədər siyasi arenada olan şəxslərin fikirlərini izləməyə çalışdım. Bir-iki istisnanı çıxmaqla ciddi analizə rast gəlmədim. Təbii ki, bu işin görünən siyasi tərəfləri var. Aydındır ki, parlament tərkibi yeni formalaşan siyasi düzənə uyğun həyata keçiriləcək. O da bəllidir ki, bu gün seçilməli olan millət vəkilləri namizədlərinin içində "köhnə komanda"ya bağlanan namizədlər olmayacaq. Çünki yeni formalaşan siyasi komandanın bugünkü parlament üzvlərinə güvənməsi yanlış siyasi qərar olardı. Günümüzün sualı isə bu deyil.
Əsas soru bu ki, bu seçkilər nə dərəcədə demokratik və şəffaf keçiriləcək və ya keçirilmə ehtimalı varmı? İkinci sual isə: erkən seçimlər bizə, yəni xalqa demokratiya yolunda nə verəcək?
Bütün suallarla paralel belə bir sual da yaranır ki, Məclis nədir? Dövlət mexanizimində hansı rola malikdir? Parlament və ya məclis dövlətin xalqa aid və demokratik üzü olaraq xüsusi bir sayğı və statusda dövlət mexanizmi içərisində öndə təsvir edilən yüksək bir məqamdır. Məclislər hökümətdən fərqli olaraq xaricdə təhsil alan, savadlı gənc menecerlərdən və bürokratlardan deyil, adətən, xalqı təmsil etmək iddiası olan xalqan gələn siyasətçilərdən formalaşar. Bu arada onu da qeyd edək ki, XXI yüzilikdə dünya parlamentar sistemində məclislərin gücünün zaman-zaman zəiflədiyini də görürük. Məclislər artıq daha çox siyasi arenada hökümətlərin aldığı qərarların isbatlamasından başqa bir şey edə bilməyən "danışma məkanlarına" çevrilib. Məhz bu səbəbdən də parlamentin buraxılması və ya təkrar seçkilər çoxda böyük bir siyasi təlatümlərə səbəb ola bilməz. Amma düşünürəm ki, bütün hallarda bu yeni siyasi atmosferə qatılmaq vacibdir. Azərbaycanda siyasətlə məşğul olanlar daha çox nəsnələlərə daima satirik prizmadan yanaşmağı üstün tuturlar. Tənqidi satira gözəl üslubdur, lakin ölkənin durumu daha ciddi yanaşmalar və məsələyə müxtəlif strateji baxışlar sərgiləməyi tələb edir.
Zarafat və ya əksinə şiddət və ya fanatiklik əsasında qurulmuş qısa replikalara gərək görmürəm. Bunu bir dəfə də yazmışam: siyasət inadla səssiz durmayı rədd edər. O üzdən də erkən keçiriləcək parlament seçkilərinə qatılıb, prosedə rol alaraq ən azından səssiz qalmamaq lazımdır. Gedişatın necə olacağını situasiyaya görə dəyərləndirmək olar.
Erkən keçiriləcək parlament seçkiləri ilə bağlı geosiyasi məsələlərə hər hansı siyasi baxışı hələlik tələskən yanaşma hesab edirəm.
Şərhlər