Xəbər lenti

Foto 17:47 26.10.2017

"Sədərək"də ucuz "Narcotic": alıcı üzünə həsrət satıcılar (REPORTAJ)

Sədərək Ticarət Mərkəzi dedikdə, ağlımıza istədiyimiz hər şeyi ala biləcəyimiz məkan gəlir. Gəlin, bu dəfə məkana "Qaynarinfo"nun əməkdaşlarının gözü ilə baxaq. 

Ticarət Mərkəzinə alış-veriş üçün gedirsinizsə, o zaman puldan əlavə zamanı da nəzərə almalısınız. Səhər erkən saatlarda 20 Yanvar metrosunun çıxışında fotoqrafımızla görüşüb, "Sədərəyə 1 manat 50 qəpik" qışqıran taksi sürücülərindən biri ilə razılaşıb yola düşürük. Ticarət Mərkəzinin ən məşhur yeri "Şirniyyat" bölməsidir. Burada istədiyiniz hər şeyi tapmaq mümükündür. Biz də elə həmin bölmədən səfərimizə başladıq. 
 


Çöldən baxdığınız zaman sıralar səliqəli görünsə də, içəri girəndə eyni yerdən bir neçə dəfə keçir və ya eyni yerə qayıtmaq üçün əməlli-başlı baş sındırmalı olurduq. Düşündüm ki, həftə içi olduğu üçün alıcılar belə azdır. Amma satıcı Qulam Məmmədovun sözlərindən başa düşdük ki, artıq uzun müddətdir alıcı üzünə həsrət qalıblar: 

"Əvvəllər bura belə olmurdu. Adam əlindən tərpənə bilmirdik. İndi isə alıcılar çox azdır. Burda qiymətlər şəhərin mərkəzində olan qiymətlərdən çox ucuzdur. Amma adamlar da pul qalmayıb".
 

 
Qulam dayı ilə söhbətləşdiyimiz zaman 13-14 yeniyetmə əlində bir neçə çaynik və armudu stəkanlar olan sini ilə "Çay 60 qəpik" qışqırıb yanımızdan keçdi. Elə yeməklər də bu cür satılırdı. Siniyə isti xörəklər yığan gənclər sıraların arası ilə keçib, yeməyin ətrini ətrafa yayırdı. Bura pul qazanmaq üçün gələnlərin arasında arabaçıları da unutmaq olmaz. Lakin görünür, alverin bu cür zəif olmasına onlar daha çox üzülürdü. 

6 ildən çoxdur "Sədərək"də arabaçı işləyən Əşrəf Qasımov deyir ki, bəzən axşama qədər heç nə qazana bilmirlər: "Əvvəllər insanlar daha çox gəlirdi. Biz də onların yükün daşıyıb çörək pulumuzu qazanırdıq. Amma indi alıcılar çox azdır. Bəzən axşama kimi bir dənə də olsun müştəri yaxınlaşmır".
 
Bakı sakini Elmira Həsənova qeyd edir ki, "Sədərək" şəhərin mərkəzinə nisbətən daha ucuzluqdur: "Burda qiymətlər mərkəzə nisbətən daha ucuzdur. Bəzən pul çatmayanda satıcılarla sövdələşib qiyməti aşağı salmaq da olur. Qızım üçün cehizləri burdan almağı düşünürük. İndi gəlmişik ki, uyğun qiymətlərə ala biləcəyimiz qab-qacaq yerlərinə baxaq".
 


Sıraların birində ətir satan mağazanın yanından keçərkən bir yazı diqqətimi çəkdi. Karton kağızın üzərinə böyük həriflərlə "Narcotic" yazısı yazılmışdı. Satıcıdan bunun nə olduğunu sorşanda, gülərək "Ətirin adı elədir. İndi endirimə düşüb. Verim sizə də"? deyə, cavab verdi. Təşəkkürümüzü bildirib, gülərək ordan uzaqlaşdıq. 

Büdcəsinə qənaət edib, az pula çox şey almaq istəyənlər və mərkəzdə axtardığını tapa bilməyənlər mütləq Sədərək Ticarət Mərkəzinə üz tutmalıdır. 

Lalə Niftaliyeva
Fotolar: Sultana Əhmədbəyli
Qaynarinfo.Az
 


























Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->