İdman 15:48 21.01.2022

Şəfəq Hüseynli Niderlandın AŞ Antidopinq Konvensiyasına uyğunluğunu yoxladı

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli antidopinq tarixində ilk dəfə dövlətlərin Avropa Şurasının (AŞ) Antidopinq Konvensiyasına uyğunluğunun Monitorinq Qrupuna rəhbərlik edib.

AMADA-nın mətbuat xidmətindən Qayanrinfo-ya verilən məlumata görə, dövlətlərin yerli qanunvericiliyinin və fəaliyyətinin AŞ Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində Niderlandda monitorinq həyata keçirilib. AŞ Ş.Hüseynlinin rəhbərlik etdiyi monitorinqin nəticələrini təsdiqləyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Niderlandın Konvensiyaya uyğunluğunu yoxlamaqdan ötrü AŞ 7 nəfərdən ibarət qiymətləndirmə qrupu yaradıb. AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi qrupda AŞ-nin İdman Konvensiyalarının rəhbəri Sofi Kvasnı, AŞ-nin baş mütəxəssisi Liene Kozlovska, Fransanın antidopinq təşkilatının baş hüquqşünası Florian Kavel, Polşa antidopinq təşkilatının direktor müavini Hubert Cücik, Estoniyanın Mədəniyyət Nazirliyinin baş müşaviri Kaarel Nestor və Böyük Britaniyanadan olan mütəxəssis və məruzəçi Qrem Artur təmsil olunub. Monitorinq Qrupu Niderlanda qiymətləndirmə səfəri edib, bu ölkənin İdman Nazirliyi, milli antidopinq təşkilatı, Milli Olimpiya Komitəsi, hüquq mühafizə orqanları, milli federasiyalar və idman mübahisələrinin həlli üzrə yaradılmış xüsusi qurumla ikitərəfli görüşlər keçirib, onların dopinqlə mübarizə sahəsində fəaliyyətinin Antidopinq Konvensiyasına və Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluğu yoxlayıb və səfərin nəticəsi olaraq bir sıra istiqamətlərdə Niderlanda tövsiyələr verib.

Ötəni il dekabrın 14 də isə AMADA-nın direktoru AŞ-nin Antidopinq Konvensiyasının Monitorinq Qrupunun 54-cü iclasında rəhbərlik etdiyi monitorinq barədə yekun qiymətləndirmə hesabatı ilə çıxış edib. Daha sonra hesabat münasibət bildirilməsi üçün üzv ölkələrə təqdim edilib və sənədi bütün ölkələr təsdiqləyib.