Foto 12:59 29.03.2018

Səfər Əbiyevin "sağ əli" haqqında yeni faktlar - FOTO/VİDEO

Bir neçə gün əvvəl, AXCP-Müsavat partiyalarının birgə təşkil etdiyi 10 mart mitinqində sabiq müdafiə naziri Səfər Əbiyevin "sağ əli"nin də iştirak etdiyi barədə məlumat dərc etmişdik.


"Qaynarinfo" xəbər verir ki, bu barədə dia.az saytının dərc etdiyi silsilə yazılarda məlumat verilir.

Belə ki, Bakıda 10 mart mitinqində video müsahibə verən bir şəxs özünü narazı sahibkar kimi təqdim etmişdi. Sayt bildirirdi ki, hakimiyyətin ünvanına odlu-alovlu çıxış edən Abbasəliyev Namiq Yunis oğlu adlı bu şəxs əslində keçmiş nüfuzlu məmurlardan birinin doğmaca qardaşıdır və hazırda da qardaşının biznesinin müəyyən hissəsini yönəltməklə məşğuldur.
 

Araşdırma nəticəsində ortaya çıxarıb ki, Abbasəliyev Namiq keçmiş müdafiə naziri Səfər Əbiyevin zamanında sözügedən nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi olmuş Abbasəliyev Natiq Yunis oğlunun qardaşıdır. 

Saytın iddiasına görə, vəzifəsindən uzaqlaşdırılmasının ardından hansısa formada təftiş olunmasının nəticəsidir ki, indi bu qardaşlar narazı elektrotatın yanında yer alıb, ola bilsin, həm də bəzi qüvvələrin maliyyə qaynağına çevriliblər.

Sayta açıqlama verən məlumatlı mənbə bildirir ki, bu gün Abbasəliyev Natiq Yunis oğlu hələ də əlində böyük sərvət saxlamaqda, böyük bir iqtisadi imperiyaya nəzarət etməkdədir. 

Mənbənin təqdim etdiyi faktlara görə, hazırda polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlunun

- "Hayat Plaza”da 2 ədəd – biri 4 otaqlı, digəri 3 otaqlı olan evləri;
- Yenə də "Hayat Plaza”da 2 avtomobil qarajı;
- Nərimanov rayonu ərazisində yerləşən "Gereen Palace”də ümumi sahəsi 146 kvadrat olan 3 otaqlı mənzili;
- Qiyməti kifayət qədər bahalı olan "Land Cruiser” və "Niva” avtomobilləri (Hamısının da seriyası "949”dur);
- Hökməli dairəsinin yaxınlığında 3 mərtəbəli villası;
- Yasamalda 3 otaqlı mənzili (həmin mənzilə də qeydiyyatdadır) var.
Bunlar ona məxsus olan obyekt və mənzillərin yalnız bir hissəsidir. 
 


Bir neçə ay əvvəl isə yerli KİV-də "Azərbaycanlı oliqarx balaları Dubayda: "Yerazıq, yerlibazıq” – VİDEO" başlıqlı məqalə yer aldı. Məqalədə deyilirdi ki, Azərbaycanlı gənclər lüks həyatlarını bu dəfə də Dubayda nümayiş etdiriblər: " A24.Az xəbər verirdi ki, VİP yaxtada gəzintiyə çıxan gənclər "Yerazıq, yerlibazıq” mahnısını çaldırıb, həmin musiqi sədaları altında rəqs ediblər. Kifayət qədər əylənən 20-25 yaşlı gənclər həmin anları videoya da çəkiblər".
 
 

DİA.az xatırladır ki, məqalədə həmin oliqarx balalarının kimliyi barədə heç bir informasiya verilməmişdi. Son araşdırmalar nəticəsində məlum olub ki, sən demə, həmin məşhur videodakı oliqarx övladlarından biri neçə gündür barəsində ilginc faktlar üzə çıxan - Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq şöbə müdiri, polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlunun övladı Abbasəliyev Yunis Natiq oğludur.
 
 

Bununla bağlı DİA.az-a danışan məlumatlı mənbə bildirir ki, ümumiyyətlə, harın həyatı yaşayan bu şəxsin başqa "ilginc görüntüləri" də var ki, bu faktlar da ictimailəşərsə, zamanında Səfər Əbiyevin Müdafiə Naziri kimi çalışdığı dönəmi rahatlıqla xarakterizə etmək olar. Yəni aydın olar ki, dövlətin orduya ayırdığı pulları kimlər və necə dədə malı kimi mənimsəyiblər və əsgərlərimizdən oğurlanan pullar hansı formada eyş-işrət məclislərinin təşkilinə sərf edilir.