Foto 16:24 08.09.2018

Səfər Mehdiyev Elçin Quliyevlə birgə yoxlama apardı (FOTOLAR)

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Rusiya ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyətini yoxlayıblar.

Qaynarinfo bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbət edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə DSX və DGK rəhbərlikləri ilə keçirilmiş xidməti müşavirədə dövlət başçısının Azərbaycanın turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumlarının ölkə vətəndaşlarının mənafelərini qoruması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

"Samur" gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, DSX və DGK-nın yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Eyni zamanda, E.Quliyev, S.Mehdiyev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinin qarşısında olan ərazilərin abadlaşdırılması ilə əlaqədar bir sıra məsələləri müzakirə ediblər.