Ölkə 12:51 29.01.2019

Səfirin qardaşına 200 min “atan” yenidən məhkəmədə

Səfir Polad Bülbüloğlunun qardaşına 200 min manat "ataraq” dələduzluq etməkdə təqsirləndirilən Məmməd Nəsibov barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxılıb. Hakim qərarı elan edərək M.Nəsibovun şikayətinin təmin edilmədiyini bildirib və hökm qüvvədə saxlanılıb.

M.Nəsibov bir neçə şəxsin etibarından sui-istifadə edərək onlardan təxminən 400 min manat alaraq qaytarmamaqda ittiham olunur.

O, İradə İsmayılovadan 21 500 manat alaraq ona Hövsan qəsəbəsində 15 sot sənədsiz torpaq sahəsi satıb, Çingiz Məmmədovdan 200 min manat alaraq Abşeron rayonunda yaşayış evi tikdirəcəyini vəd edib.

Bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib.

Məhkəmədə ifadə verən M.Nəsibov özünü təqsirli bilmədiyini deyib.

Zərərçəkmişlərdən biri, Çingiz Məmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşıdır.

2018-ci il iyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.