Ölkə 16:27 24.01.2022

Şəhid baş leytenantın barelyefinin açılışı olacaq (FOTO)

Yanvarın 27-də şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olacaq. 

Bu barədə Qaynarinfo-ya şəhid baş leytenantın dostu Samir Əsədli məlumat verib.

Onun sözlərinə görə, tədbir Səid Rəşidzanənin oxuduğu Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə baş tutacaq: "Yanvarın 28-də Səidin doğum günüdür. Biz də qərara gəldik ki, bir gün əvvəl barelyef açılışını edək. Barelyef Səidin oxuduğu 207 saylı məktəbin binasına vurulub”.

Şəhid baş leytenantın barelyefini heykəltəraş Müstəqil Babayev hazırlayıb. 

Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. 2016-cı ilin "aprel döyüşləri”ndə iştirak edib. 2020-ci ildəki 44 günlük müharibəyə qatılıb və oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümüdən sonra "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "İgidliyə görə” medalları ilə təltif olunub.

Səid Rəşidzadə Füzuli rayonunda dəfn olunub.

Seyid