Ölkə 11:15 15.12.2017

Şəhid qızını vurub öldürən iş adamının 17 yaşlı oğlu azadlığa çıxıb? (AÇIQLAMA)

Bakı şəhər prokurorluğu iş adamının oğlunun azadlığa buraxılması xəbərini təkzib edib. 

Qaynarinfo-ya daxil olan məlumatda qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib.

Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı şəhər prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Belə ki, qeyd edilən yol nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı avtomobili idarə etdən şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Bildirilir ki, həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Qeyd edək ki,  1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimlinin atası Akif Rəhimov "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, əmisi Məmməd Rəhimov isə "Yeganə” şadlıq sarayının sahibidir.

Qəza zamanı vəfat edən Könül Əkbərova isə şəhid Elton Əkbərovun qızıdır.