Video 16:30 07.03.2019

“Səhliyalı” şirkəti təmizlikçi qadınlara hədiyyələr paylayıb (VİDEO)

Bu gün səhər saatlarında "Səhliyalı” müəssisəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara hədiyyə paylayıb. Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə süpürgəçi qadınları təbrik edən şirkət əməkdaşları onlara gül, şirkətin ət və süd məhsullarını təqdim ediblər. 

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Mustafayev qeyd edib ki, bu kimi xeyriyyə aksiyaları müəssisə tərəfindən müxtəlif bayramlarda həyata keçirilir: "Şəhərimizin təmizliyi ilə məşğul olan qadınlar bizim gördüyümüzdən çox daha fədakardırlar. Əksəriyyətimiz səhər işə gedərkən, küçələrimizin, yollarımızın artıq həmin qadınlar tərəfindən təmizləndiyini görürük. Səhər erkən saatlarda isti yatağını tərk edib, şəhərimizin abadlığı üçün çalışan qadınları unuda bilməzdik. Buna görə də həmin qadınlara hədiyyələr təqdim etmək bizimçün daha böyük fəxr idi. Ona görə də şirkət rəhbərliyi ilə qərara aldıq ki, hədiyyələrin paylanmasına məhz həmin xanımlardan başlayaq”. 

Şöbə müdiri onu da qeyd edib ki, hədiyyələr paylanan zaman çəkilişin aparılması cəmiyyət üzvləri arasında yardımlaşma duyğusunun daha da artırılması məqsədi daşıyır: "Şirkətimizin reklamları əksər KİV-lərdə mütəmadi olaraq gedir, burada hədəf reklam yox, digər şəxsləri, şirkətləri də bu tip aksiyalara dəvət etməkdən ibarətdir. Ümid edirik ki, digər şirkət rəhbərləri də əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan zəhmətkeş insanları mükafatlandıracaqlar. Biz də çəkdiyimiz bu çarxla hər kəsi buna təşviq edirik”.