Şəhriyar Anara açıq məktub yazdı: “Bunu mənə heç kim deyə bilməz!”

Şəhriyar Anara açıq məktub yazdı: “Bunu mənə heç kim deyə bilməz!”

Əziz və hörmətli Anar müəllim! Əvvəla, salam. Salamdan sonra ərz edim. Ki, AYB-nin mətbuat xidməti adından tirajladığınız bəyanatı oxudum və gülümsədim. Səmimiyyətimə inanız, gərçi, bilsəydim, gerçəkdən ol məşum bəyanatı mətbuat xidməti yazıb, ləyaqətimə sığışdırıb cavab verməz idim. Di gəl, mətni tanıyan adamlarıq. Cümlələrdən analiz götürdüm, Anar çıxdı. Məsələn:

"... Onun Bakıda və yaşadığı rayonda keçirilən geniş yubiley tədbirlərində şəxsən iştirak edən Anar, Musanın dediyi kimi, kimdən və nədənsə qorxsaydı şairi ən çətin məqamlarda müdafiə etməz və yüksək adlara təqdim etməzdi” – cümləsindəki ərki nəhəng Musa Yaquba nəinki mətbuat xidməti, ümumiyyətlə AYB-də sizdən başqa kimsə etməz, edə bilməzdi.

İndiysə, icazənizlə bir məqamı da qeyd edim, keçək digər məsələlərə. Rəsmi qaydada məlum anlayış belədir: İstənilən qurumun mətbuat xidməti öz adından deyil, bütövlükdə qurumun adından çıxış edir. Yaxşı olar ki, belə məqamlarda öz adınızdan çıxış edəsiniz, bütünlükdə qurumu kimlərləsə üz-üzə qoymayasınız. Axı ömür uzundur, Anar müəllim, sabah-birigün üz-üzə gəlirik qələm adamlarıyla, niyə günahı olmadan utansınlar ki?

Bəyanatın digər abzasında daha gülünc iddialarla rastlaşırıq. Deyirsiniz:

"...Şəhriyar del Gerani adlı Azərbaycanda yaşamayan və milləti məlum olmayan birisinin "Anar nə şairi bilir, nə şeiri” adlı moltanı dilində bəyannaməsiylə Birlik sədrini tanış edəndə Anar müəllim "Kimdir bu adam, mən yəni hər yetənin cəfəng fikirlərinə cavab verməliyəm?” – dedi. Anar müəllimə xatırlatdıq ki, bu, onun İran həbsxanasından qurtardığı adamdır. "Əlbəttə”, – dedi, – "Vicdanı defisit olan yaxşılığın əvəzini elə məhz belə çıxmalıdır”, – dedi.

1. Sayın Anar bəy, "milləti məlum olmayan birisi” kimi piyada ifadəni çox da qurdalamadan bir sual etmək istəyirəm. Tutalım, mən bir ləzgiyəm, yaxud talış, tat, udi və sairə azərbaycanlı gözəlim bir millətin nümayəndəsi. Və AYB qarşısında məsələ qaldırıram. Ki, türk Musa Yaqubla, türkün türkü Vaqif  Bayatlıya dövlət səviyyəsində diqqət lazımdır, müalicə olunmaları üçün xaricə göndərilməlidirlər. Yanlışım hardadır? Milliyyətimin məsələyə nə kimi aidiyyəti var?

2. Azərbaycandan kənarda yaşamağıma dair deyim ki, bəli, hal-hazırda Ukraynada yaşayıram. Taras Şevçenko adına Kiyev Dövlət Universitetində "Krım Tatar dili və ədəbiyyatı” üzrə magistr təhsili alıram. Dəvət aldığım televiziya proqramlarında, müsahibələrimdə, beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını təbliğ edirəm. Bunu hər kəs görür. "Screenshot” çuğulçularınıza deyin, "yutub” kanalından, "quql”dan tapıb göstərsinlər sizə. Üstəlik, Kiyev şəhərindəki Azərbaycan Səfirliyimizə təklif vermişəm, sağlıq olsun, sizin kimi ağsaqqal yazıçı-şairlərimiz başda olmaqla, taa gənc nəsil qələm adamlarımız da daxil təhsil aldığım universitetdə, digər mədəniyyət mərkəzlərində görüşlərin təşkil olunması, "Ukrayna-Krım-Azərbaycan” ədəbi-mədəni əlaqələrinin genişlənməsi üçün köməklik göstərsinlər. Ölkə xaricində fəaliyyətim də bundan ibarətdir.

3. Nəzərinizə çatdırım ki, 2012-ci ilin 2 mayında qələm və tale dostum Fərid Hüseynlə məni Təbriz şəhərində məhz azərbaycançılıq, türkçülük mövqeli çıxışlarımızdan dolayı həbs etmiş idilər, ədəbsiz davranışlarımıza görə yox. Bu, bütün Azərbaycan ictimaiyyətinə məlumdur. İİR CM-nin 500-cü maddəsi ilə təqsirkar bilinirdik. Şairli-yazıçılı-jurnalistli yüzlərlə qələm dostlarımızın məsələni ictimailəşdirməsi və şəxsən Azərbaycan Prezidentinin prinsipiallığı nəticəsində həmin ilin sentyabrında azad edildik. Əməyi, zəhməti keçən hər kəsə bəs qədər təşəkkür etmişik, indi də bu yazı vasitəsilə bir daha dəruni minnətdarlığımı bildirirəm. Hüquqi tərəfləri sizə daha aydın olsun deyə, bir faktı da deyim. İran ETTELAAT-ının təcridxanası və Təbriz həbsxanasından qayıdandan 3 ay sonra AR Silahlı Qüvvələrinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətə çağırılmışam, ali təhsilli olduğum üçün də bir il hərbi xidmət keçmişəm. Bircə bu fakt mənim haqqımda hər şeyi deməlidir zənnimcə. Bu, heç. Yox, gerçəkdən özünüzü inandırmısınzsa, bizi şəxsən siz azad etdirmisiniz və mənim "Anar şeiri, şairi bilmir” ədəbi tənqidim bu yaxşılığa qarşı "nankorluqdur”, təklif edirəm, bu aldanışa getməyəsiniz. Ciddi sözümdür. Pis aldanışdır. O qədər gözəl aldanışlar var ki...

4. O ki qaldı "vicdanı defisit” söhbətinə, mən elə bir həyat tərzi yaşamışam və yaşayıram ki, bunu mənə heç kimsə deyə bilməz. Nə zamansa qapınızı döysəm, şəxsən özümlə bağlı nəsə istəsəm və siz də Allah eləməmiş, hər-hansı bir yaxşılığı etsəniz, daha sonra mən həmin yaxşılığa adekvat olmasam, okey, o zaman ən yüksək tribunalardan səsləndirərsiniz bunu. Hələliksə, yersizdir, icazənizlə özünüzə qaytarıram, şair demiş, üstü qalsın.

Daha bir təklifim də var. Çox istərdim, tənqidlərə qarşı cavab ritorikanızı dəyişəsiniz. Çox nimdaş təsir bağışlayır. Mən deyirəm, "Anar nə şairi tanıyır, nə də şeiri”, ertəsi gün açıqlama verirsiniz ki, "Şəhriyar del Gerani kimdir? Mən onu tanımıram”. Bəs, mən nə deyirəm? Deyirəm, nə şairi tanıyırsınız, nə də şeiri. Axı məni və digər nəsildaşlarımın imzalarını tanımamaq sizə üstünlük gətirmir. Əksinə, tanıyıb etiraf etməklə böyük olarsınız. Xahiş edirəm, bir az sayğılı olun. Trendlər çoxdan dəyişib. Yenilənmək isə, görünür, sizin üçün artıq gecdir. Məsələnin mahiyyəti qalıb bir kənarda, mənim iradıma aşağılayıcı tonda münasibət bildirməyə girişirsiniz. Təklif edirəm, bir-birimizə hörmətlə yanaşaq.

Məsələn, mən yazıçı Anarı da yaxşı tanıyıram, Anar Rzayevi də. Hər ikisinin Azərbaycan mədəniyyətindəki, ədəbiyyatındakı, ictimai həyatındakı yerini də əla bilirəm. Mən, Rəsul Rzanın da yerini yaxşı bilirəm. Detallara varmadan bir olayı xatırladım. Əli Kərim aşağı-yuxarı mənim yaşda olan vaxtlarda Yazıçılar Birliyində, ədəbi cameədə ona qarşı çoxlu sayda haqsızlıqlar olur, bir qrup intellektual tupoylar onu təcrid etməyə qalxır, üzünə qapıları taybatay bağlayırlar. Əli Kərimin içindəki nəhəng şairi məhz böyük Rəsul Rza görür – "Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya çıxır. Şair də var ki, öz-özüylə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəsini təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi...” – yazır və yalnız bundan sonra, necə deyərlər, "atının alnına günəş doğur” gənc şairin. Hörmətli Anar müəllim, gəlüz ötəri bir zaman səyahətiylə mənim barəmdə mediada tirajladığınız bəyanatı 80 il qabağın "Kommunist qəzeti”ndə dərc edəlim. Sizcə, ertəsi gün gecənin saat üçündə neçə qara "Villis” qapımı döyər idi?

Keçən ilin martıydı. "Ədəbiyyat qəzeti”ndən müraciət olundu, sizin doğum günüylə bağlı bir abzaslıq təbrik istədilər, göndərdim, çap olundu. Bir neçə məqama görə həmin təbriki burada təkrar paylaşmaq istərdim.

"Doğum günü təbriklərinin məlum intonasiyası var - Tost. Yəni bu "məşum" gündə nə danışsan, necə danışsan "tost effekti” verir. Olsun. Nə etməli? Anar müəllim haqqında bir tost da mən deyim. Qəribə də olsa, mənim Anar imzasıyla ilkin tanışlığım krossvord müstəvisində olub. Xatırlayarsınız, 90-larda bir krossvord bumu vardı cəmiyyətdə, uşaqkən mən də əmimlə krossvord doldurmağı çox sevər idim. Həmin krossvordlarda "yazıçı" xanasından çıxan oxların bütün istiqamətlərinə "Anar" ismi uyğun gəlirdi. Daha sonralar yazıçı Anarın mətnləriylə tanış olanda bildim. Ki, bu, həmin o Anar imiş. Bu səbəbdən mənim şüurüstümdə deyil, şüuraltımda yazıçı anlayışı Anar ismiylə assosiasiya olunur. Yeri gəlmişkən, bu münasibətlə də Anar müəllimi təbrik etmək olar. ))) Xülasə, bu olsun təbrik mətnimizin yumor tərəfi. Keçək qalstuklu tərəfə. O, sözün bütün mənalarında Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna ümumiyyətlə, türkdilli mədəniyyətə ciddi töhfələr vermiş imzadır. Füzulinin təbiriylə ifadə etsək, "Anar bəy, öz qədərini söz qədərinə qaldırmış yazıçıdır". Bir neçə ay öncə Anar müəllimin bir essesini oxudum. Ürək əməliyyatı öncəsi, yaxud sonrası vidalaşmaydı sanki. Mətn kimi çox xoşuma gəldi, olay kimi deyil. Amma digər tərəfdən sevindim də. Ki, nə xoş Anar bəy dünyayla fiziki olaraq dünyadan köçmədən vidalaşmağı bacardı. Mənə görə, qələm adamı əsl mətnini dünyayla vidalaşandan sonra yazır. Ol səbəbdən Anar müəllimdən yepyeni, Vaqif Bayatlı demiş, yupyumru bir mətn gözləyirik. Ömrə davam. Mövludunuz qutlu olsun, "Anar" təfəkküründən çıxan bütün mətnləri "Yazıçı" xanasına tuşlayan adam!”

Böylə bir təbrik abzasıydı. Gerçəkdən, o esseni oxuyanda düşünmüşdüm dünyadan köçmədən dünyayla vidalaşmağı bacarmısınız. Həmin məqalənizdən bir məqam da yadımda. Reanimasiyaya girəndə mobil telefonunuzu alıblar, övladlarınızla əlaqəniz kəsilib. Yazmışdınız, "Belə də ola bilir, anidən bütün dünyayla əlaqəsi kəsilə bilirmiş adamın”. Oxuyanda sevinmişdim. Ki, İlahi, necə də səadətli bir ömürdür, bir yazıçı bu hissi 80 yaşında keçirir. Mən isə həmin hissi sizin yaşınızın dörddə birində İran təcridxanasına salınanda keçirmişdim.

Xülasə, deyiləsi sözlər çox, əfsus, həvəs, hövsələ yox. Mənim sizə hörmətim və rəğbətim əvvəlki yerində qalmaqda. Bunları isə bəzi mətləblər aydın olsun deyə yazmalıydım. Yoxsa, çox yaxşı bilirəm, yaşaya-yaşaya 82 ili geridə qoymuş bir insanın daşlaşmış  qənaətləri var. Və o mamır basmış qənaətləri bir məktubla dəyişmək qeyri-mümkün.

Sonda, sizi sevən bir qələm dostunuz kimi qeyd etməyi özümə borc bilirəm. Ki, bu və ya bu kimi açıqlamalar sizin və rəhbərlik etdiyiniz qurumun imicinə ciddi zədələr vurmaqda. Bir də bu kimi məsələlərdə bəyanat yayası olsanız, məsələni katibləriniz - Rəşad Məcid, Çingiz Abdullayev, İlqar Fəhmidən soruşun, "Ədəbiyyat qəzeti”ndə Azər Turandan, "Ulduz”da Qulu Ağsəsdən xəbər alın. Bu insanlar sizin və qurumun nüfuzuna xələl gətirəcək açıqlamaların qarşısını alarlar. Üstəlik, söhbəti bilən adamlardılar, razı olmazlar yanlış qərarlar verəsiniz.

Piştaxtabaş tipajlarla məşvərət etmək sizə yaraşmaz. Elələri yaxşı almaları, pomidorları ən ucuz qiymətə almağı bacararlar, olsun. Ətin də ən sümüksüzünü alarlar ucuz qiymətə. Olsun. Bu tiplər çox fəal olar, hər yerə özlərini dürtüşdürər, mövqe qazanarlar. Olsun. Onların bütün növ bazarlarda  Fazil adlı tanışları olar. Olsun. İndi, neyləyim ki, mənim bazarda qəssab tanışlarım yoxdur?

Mənbə: Kulis.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR