İdman 14:36 21.11.2014

Səmədov Azərbaycandan niyə imtina edib? - "Atam qoymadı"


"Azərbaycan millisində oynamağımın heç bir mənası yoxdur"


Hazırda Rusiya millisində çıxış edən məşhur azərbaycanlı futbolçu Aleksandr Səmədov Azərbaycan millisindən imtinasının səbəblərinə təkrar aydınlıq gətirib.

Sport7.Az
-ın verdiyi xəbərə görə, Rusiya mediasına açıqlama verən Səmədov illər əvvəl, hələ Rusiya millisinə dəvət almamış AFFA tərəfindən bir neçə dəfə Azərbaycan millisinə dəvət alıb. Buna baxmayaraq Səmədov bu təkliflərə yox deyib.

"Bəli, mənə Azərbaycan millisində oynamaq üçün dəfələrlə təkliflər gəlib, mən isə bu təklifləri qəbul etməmişəm. Təklifi qəbul etsəydim, Rusiya çempionatında leqioner kimi çıxış etməli olacaqdım. Mənim ən böyük arzum isə Rusiya millisində top qovmaq olub. Və buna nail ola bilmişəm. Artıq mən Rusiya millisinin əvəzolunmaz simalarından biriyəm".

Səmədov onu da əlavə edib ki, Azərbaycandan təklif aldıqda atası da ona tələsməməyi məsləhət bilib.

"Mənim atam hərbi xidməti başa vurduqdan sonra Moskvaya gəlib. Onda onun 21 yaşı var idi. İndi isə atamın 60 yaşı var. Evdə biz rus dilində danışırıq, azərbaycan dilini isə bilmirəm. Azərbaycan Federasiyasının nümayəndələri bura gələndə mən onlara demişdim ki, Azərbaycan millisində oynamağımın heç bir mənası yoxdur. Atam da mənə tələsməməyi məsləhət bildi".

Qeyd edək ki, Aleksandr Səmədov Rusiyada anadan olub. Onun anası Lyubov Petrovna rus olsa da, atası Sergey Mixayloviç Səmədov azərbaycanlıdır.

Qaynar.info