Ölkə 21:12 27.07.2018

Şəmkirin daha bir kəndinə ilk dəfə təbii qaz verildi

Şəmkir rayonunun Yeni Göyçə kəndinə ilk dəfə təbii qaz verilib. "Azəriqaz” İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 452 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 61 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış məntəqəsində qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Şəmkir rayonunun Qaracəmirli kəndinin genişlənən hissəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin olunacaq.