Siyasət 11:12 19.07.2017

Şəmsətdin Küzəçi Kərkuk qətliamından danışdı (MÜSAHİBƏ)

Yüz illərdir İraqda yaşayan türkmənlər I Dünya Müharibəsindən sonra böyük faciələr yaşamaqdadırlar. Belə ki, I Cahan Savaşında məğlub olan Türkiyə Mosul və Kərkuku itirəndən sonra türkmənlər köməksiz vəziyyətdə qaldılar. Böyük təzyiq və məhrumiyyətlər yaşamasına baxmayaraq mövcudluğunu bu günə qədər sürdürən türkmənlər İraqda hakimiyyətə gəlmiş fərqli hökümətlər tərəfindən müxtəlif vaxtlarda soyqırım ediliblər.

İraqda 1924, 1939, 1946, 1959, 1980 və 1991-ci illərdə türkmənlərin heç zaman unutmayacağı və bəşər tarixinin ən qanlı hadisələri baş verib. Bunların arasında 14 iyul 1959 cu ildə Kərkükdə baş verən qətliam türkmənlərin yaşadığı ən böyük faciələrdən biridir. Tarixə Kərkük qətliamı olaraq düşmüş bu soyqırım günü insanlıqdan uzaq vəhşət yaşanmışdı. İraq dövlətinin elan edilməsinin birinci ildönümü münasibətilə keçiriləcək bayram tədbirinə qatılmağa hazırlaşan türkmən xalqı - uşaq, gənc, yaşlı, qadın - kişi milli geyimlərini geyinərək küçəyə çıxmışdılar. Amma mərasim başlayan kimi canilər silahsız türkmənlərə hücuma keçmişdi. Soyqırımın ildönümü ilə bağlı “Kərkük” qəzetinin baş redaktoru, türkmənlərin dəyərli ziyalılarından olan Dr.Şəmsətdin Küzəçi ilə söhbət etdik. 

- 1959-cü ildə baş verən hadisələri necə baş verdi?

- İraq türkmənləri 14 iyul 1958 ci ildə elan edilən Respublika Günü ilə bağlı mərasimlərdə iştirak etmək üçün hazırlıqlar görürdülər. Hamı milli geyimlərini geyinmişdi. Türkmən iş yerləri, qəhvəxanaları belə bəzədilmişdi. Amma kommunistlər və yanlarında bəzi kürdlər türkmənlərə qarşı, Kərkükdən türkmənləri yox etmək məqsədi ilə şəhərin tanınmış türkmənlərinin öldürülməsi üçün qətliam planı hazırlayırlar. Bayramdan bir-neçə gün öncədən lider türkmənlərin evlərini, bölgələrini, toplaşdıqları yerləri müəyyən edirlər. 14 iyul səhər yürüş başlayan kimi arxa küçələrdən türkmənlərə qarşı hücum başladı. Qaça-qaç düşdü. Silahsız türkmənlərə atəş açılmağa başladı, bəziləri hadisə yerində öldü, bəzilərini tutub küçələrdə amansız işgəncələrə məruz qoydular. Türkmənlərin lideri sayılan şəxsləri evlərindən çıxararaq əl-qollarını bağladılar, sonra maşınların arxasına bağlayaraq bədənləri parçalanana qədər sürüdülər. Bəzi türkmənləri elektrik dirəklərindən asıb qətl etdilər və cəsədləri toplamadılar, onların nəşini itlərə yedirtdilər. Və bu qətliam beləcə 3 gün davam etdi. 

- Qətliamın baş verməsinın səbəbi nə idi? 

- Bu hadisə kürdlərin Kərkük üzərində oyunlarının bir hissəsi idi. Kərkükü işğal edib o vaxtkı İraq rejiminin gözünü qorxutmaq istəyirdilər. Türkmənlər isə höküməti dəstəkləyirdi. Buna görə də türkmən xalqını cəzalandırdılar. 

-Kərkük qətliamının türkmən xalqının milli mübarizəsində yeri və rolu nədir?

- Kərkük qətliamı türkmənlər üçün bir dönüş nöqtəsi oldu. 1918 ci ildə Osmanlı İraqı , xüsusilə də Kərkük və Mosulu ingilislərə təlsim etdi, bundan sonra türkmənlərə İraqda həmişə “Osmanlı qalığı” kimi təzyiq görürdü. Buna görə də İraqda türk varlığını yox eləməyə çalışırdılar. Amma tükmənlərin liderləri öldürüldükdən sonra xalq səssiz qalmadı. Şəhidlər verilsə də türkmən xalqı sonuna qədər haqqını tələb elədi, qatillərin çox hissəsi həbs edilərək edam edildi. Kərkükdə türkmənlərin şəhidləri üçün heykəl ucaldıldı. Hətta türkmənlər Kərkük qətliamını həyata keçirənlərin bəzilərini özləri tapıb cəzalandırdılar. 1960-cı ildə Türkmənlərin maraqlarını təmsil edən ilk türkmən təşkilatı yaradıldı. Kərkük qəliamından sonra türkmənlərin milli şüuru dəyişdi, onlar torpaqlarına sahib çıxmağa and içdilər. Bu dönəmdən sonra türkmən təşkilatlarını da çoxaltmağa başladılar. Və bu günə qədər də mübarizələrini davam etdirirlər. 

Aynur İmran

Qaynarinfo.Az