İdman 10:50 22.02.2018

Sən nə yamansan, a buz!

Amal Abuşov

Biz dərsə gedən qoçaq uşaqların buz üstünə çıxmasını, sonra da sürüşüb üzü üstə yerə dəyməsini rəhmətlik Mirzə Ələkbər Sabirin şeirindən bilirdik. Sevə-sevə əzbərləmişik. Elə əzbərləmişik ki, illər keçsə də, yadımızdan çıxmır.

Uşağın buz üstünə çıxanda yıxılması təbii hadisədi. Elə sıravi insanların buzlu-qarlı yollarda yıxılması, qol-qıçını əzməsi də adi qarşılanır. Amma Qış Olimpiadasına qatılan idmançı, özü də xaricdən gətirilən, bəh-bəhlə "milliləşdirilən” biri buzun üstündə yıxılırsa, buna gülmək, sonra da ağlamaq lazımdı.

Gənclər və İdman naziri cənab Azad Rəhimov hər ilin sonunda sinəsini irəli verir, Azərbaycan idmanının inkişafından danışır, uğurlarımızı sadalayır. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında təmsilçilərimiz medalları, həm də pul mükafatlarını silib-süpürəndə "Azərbaycan idman ölkəsidir” cümləsi ilə başlayan müsahibələri, çıxışları eşitməkdən yorulmuşduq. Buyurun, bu da sizə "idman ölkəsi”!

Belarusda doğulan, Yay Olimpiya oyunlarında Azərbaycanı təmsil edən üzgüçü Yevgeniy Lazuka 43 idmançı arasında 38-ci olanda tanınmış satirik yazarlardan biri "yaxşı ki, boğulmayıb” demişdi. Daha sonra velosipedçimiz, ukrayna əsilli Maksim Averin finişə ümumiyyətlə, çata bilmədi. Bu da bir müddət məzə mövzusuna çevrildi, Azərbaycan idmanın necə acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi.

İndi də avstriyalı Patrik Braxner Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında finişə çatmayıb. Azərbaycanın olimpiadada yeganə təmsilçisi olan, bir-neçə gün bundan əvvəl itkin düşdüyü deyilən Braxner buzun üstündə sürüşüb, yerə dəyib. Ona görə də finişə çata bilməyib. Braxner itkin düşəndə deyirdilər ki, ilk mərhələdə bilərəkdən yarışa qatılmayıb, gücünü dağ xizəkçiliyinin slalom növünə saxlayıb. Bu da axırı. Hələ şükr edək ki, avstiyalının qolu-qıçı sınmayıb, üzü-gözü əzilməyib. Yoxsa Azad Rəhimov onun ata-anasına nə cavab verərdi?

Sən nə yamansan, a buz! Qoymadın ki, Azərbaycanın idman ölkəsi olduğunu deyib, doyunca qürrələnək...