Dünyanın müxtəlif ölkələrində Azərbaycana məxsus çox sayda əlyazmalar var. Vaxtilə hansısa formada xarici ölkələrə aparılmış, sonradan müxtəlif kitabxana və muzeylərdən sorağı gələn həmin əlyazmalar haqqında məlumat almağın, onların ölkəyə gətirilməsinin vacibliyi barədə vaxtaşırı fikirlər səslənir. Bu əlyazmalar əsasən hansı ölkələrdədir və onların Azərbaycana gətirilməsi istiqamətində hansı işlər aparılır? Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Lent.az -ın bu mövzuda suallarını cavablandırıb.
- Teymur müəllim, xarici ölkələrdə Azərbaycanla bağlı əlyazmaların kütləvi mövcudluğundan danışa bilərikmi?
- Biz dünyanın bir çox məşhur əlyazma mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurmuşuq, onların çap kataloqları ilə tanışıq. Təxminən hansı ölkədə Azərbaycanla bağlı hansı mühüm əlyazma saxlanıldığını bilirik. Bu saxlanclardakı Azərbaycan müəlliflərinin əlyazmaları haqqında kifayət qədər bilgimiz var. İndi də o cür sensasiyaya səbəb olacaq əlyazmalar aşkarlana bilər. Bu, istisna olunmur. Yaxın illərin təcrübəsi göstərir ki, Türkiyə, İran, Misir kimi Şərq, bəzi Şərqi Avropa, hətta Orta Asiya ölkələrində belə Azərbaycanla bağlı yeni əlyazmalar aşkarlanıb, tədqiqata cəlb olunub. Bir sözlə, xarici ölkələrin əlyazma mərkəzlərində qorunan Azərbaycan əlyazmalarının dəqiq sayını demək mümkün deyil. Sadəcə, onu deyə bilərəm ki, belə mühüm əlyazmaların aşkarlanması, ölkəyə gətirilməsi istiqamətində intensiv iş aparılır. İndi işimiz daha da asanlaşıb. Biz bəzi əlyazmaların elektron surətini internet şəbəkəsi vasitəsi ilə onlayn ödəmələr edərək alır, bəzilərini qarşılıqlı mübadilə vasitəsi ilə əldə edirik. Bu gün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun strukturunda "Beynəlxalq əlaqələr”, "Elektron resurslar”, "Kitabxana və elmi informasiya”, "Əlyazmaların və əski çap kitablarının tərcüməsi”, "Multidissiplinar əlyazmaların tədqiqi” kimi müasir standartlara cavab verən şöbələr fəaliyyət göstərir. Bu şöbələrdə xarici ölkələrdəki Azərbaycan əlyazmalarının aşkarlanması, surətlərinin ölkəyə gətirilməsi, tədqiqi, tərcüməsi və təbliği kimi mühüm sahələr mövcuddur.
- Azərbaycanla bağlı əlyazmalar daha çox dünyanın hansı ölkələrində saxlanılır?
- Azərbaycanla bağlı, Azərbaycan müəlliflərinə aid əlyazmalar daha çox İran və Türkiyədəki kitabxana, muzey və arxiv idarələrində qorunur. Təbiidir, bizim tarixi keçmişimizlə bağlıdır. Onu da qeyd edim ki, Azərbaycanla bağlı və Azərbaycan müəlliflərinin xarici ölkələrdə qorunan əlyazmalarının toplu kataloqunu institutumuzun şöbə müdiri, professor Azadə Musayeva hazırlayıb. Təkcə bu çoxcildliyə xaricdə, cəmi bir neçə kitabxanada qorunan 685 müəllifin 10 mindən artıq əsəri düşüb. Bildirim ki, Avropa ölkələrindən Britaniya Muzeyi Kitabxanasında, Paris Milli Kitabxanasında, Oksford Universitetinin Kitabxanasında, Vatikan Apostol Kitabxanasında çoxsaylı Azərbaycan əlyazmaları mühafizə edilməkdədir.
- Əlyazmalar daha çox kitabxanalarda, yoxsa muzeylərdə qorunur?
- Bəzi ölkələrdə, Azərbaycanda olduğu kimi, Əlyazmalar İnstitutu var. Məsələn, Rusiyada, Gürcüstanda. Bəzi ölkələrdə milli arxiv idarələri, milli kitabxanalar bu funksiyanı yerinə yetirir ki, ölkədə mövcud əlyazmalar vahid mərkəzdə toplansın. Lakin elə ölkələr də var ki, əlyazmalar muzeylərin fondlarında, ayrı-ayrı kitabxanalarda, arxivlərdə saxlanılır, hətta məscidlərin nəzdində olan kitabxanalarda, eyni zamanda şəxsi kolleksiyalarda da kifayət qədər əlyazma var.
- Müstəqilliyimiz bərpa olunandan sonra ölkəyə gətirilən əlyazmaların sayı ilə bağlı nə deyə bilərsiniz və hazırda institutda olan əlyazmaların sayı nə qədərdir?
- Əlyazmalar İnstitutunun fondunda 40 mindən artıq material, 12 minə qədər əlyazma abidəsi mühafizə olunmaqdadır. Hər il institut qiymətli əlyazma abidələrinin alınması istiqamətində iş aparır, bəzən belə əlyazmalar institutumuza hədiyyə də olunur, az olsa da, elə hallarla qarşılaşırıq. Son illərdə Əlyazmalar İnstitutu xarici ölkələrin əlyazma mərkəzlərindən yüzlərlə əlyazmanın surətini alıb.
- Xarici ölkələrdəki əlyazmaların orjinalını hər hansı şəkildə gətirmək mümkündürmü?
- Bu, beynəlxalq qanunvericiliyə ziddir. Düzdür, şəxsi kolleksiyalarda qorunan əlyazmalar beynəlxalq hərraclara çıxarılır. Lakin bizim təcrübəmizdə hələ belə hal olmayıb ki, beynəlxalq hərracdan əlyazma alaq.
- Vatikan arxivlərindəki əlyazmaların ölkəyə gətirilməsi ilə bağlı hansı işlər görülür?
- Vatikan Apostol Kitabxanasından ölkəyə 68 əlyazmanın surəti gətirilib. İnstitutumuzun şöbə müdiri, professor Fərid Ələkbərli bu kitabxanadakı Azərbaycan əlyazmalarının kataloqunu tərtib edib. Bu kitabda onlar haqqında ilkin məlumat alimlərin istifadəsinə verilib.
- Ümumiyyətlə, əlyazmaların kütləvi şəkildə ölkəyə gətirilməsi üçün ən çox nəyə ehtiyac var?
- Biz bu barədə də düşünürük. Bu istiqamətdə təkliflər planımızı hazırlayıb akademiya rəhbərliyinə, müvafiq qurumlara da təqdim etmişik. Qısa desək, xaricdən əlyazmaların surətini əldə etmək üçün ilk növbədə maddi vəsaitə ehtiyac var. Sonra xarici ölkələrin kitabxana, muzey və arxivlərində işləmək üçün uzunmüddətli ezamiyyətlərin təşkili vacibdir. Çünki yalnız belə olduqda, hansısa bir ölkənin kitabxana fondunda Azərbaycanla bağlı bizi maraqlandıran qiymətli nüsxə haqqında dəqiq məlumat əldə edə bilərik.
- İnstitutda əlyazmaların yüksək səviyyədə saxlanması üçün şərait varmı?
- İnstitutda əlyazmaların qorunması, mühafizəsi, konservasiyası, bərpası və elektronlaşdırılması işi optimallaşdırılıb. Saxlanclarda xüsusi cihazlar vasitəsi ilə otaqlardakı temperatur, nəmlik və digər fiziki göstəricilər yoxlanılır və standart norma təmin olunur. Bundan əlavə, parazitlərlə, göbələklərlə mübarizə elmi əsalarla təşkil olunub. Yəni dezinfeksiya və dezinseksiya işləri mütəmadi aparılır. Əlyazmaların ömrünün uzadılması üçün bərpa işi yüksək səviyyədə qurulub ki, hətta bu gün Əlyazmalar İnstitutu digər uyğun təşkilatlara bu sahədə metodiki yardım göstərir.
- Tapılan materialların tədqiqi üçün qədim dilləri bilən mütəxəssis çatışmazlığı problemi yaşanırmı?
- Bizim tədqiqat obyektimiz, əsasən orta əsr abidələridir. Bu abidələr içərisində ərəb, fars və Azərbaycan dili ilə yanaşı, digər türk dillərində olan abidələr üstünlük təşkil edir. İnstitutumuzun qiymətli mütəxəssisləri var. Onlar da varislik ənənəsini qoruyaraq gənc nəsli bir əlyazmaşünas, mətnşünas kimi yetişdirir. Artıq üç ildir ki, institutumuzda doktorantura və dissertantura ilə paralel magistratura da fəaliyyət göstərir. Artıq 2 magistr məzunumuz bizimlə çiyin-çiyinə çalışır. Doktorant və dissertantlarımızı demirəm.
- İnstitutun genişlənməsinə, əlavə binaya ehtiyac varmı?
- Müasir tipli beynəlxalq standartlara cavab verən əlyazma saxlanclarına, ən müasir cihazlarla, avadanlıqla təmin olunmuş bərpa laboratoriyasına və müasir surətçıxarma, elektronlaşdırma aparatlarına ehtiyacımız var. Kompüter əsrində yaşayırıq, elə qurğular var ki, bərpa və elektronlaşma prosesini yüksək həssaslıq və dəqiqliklə həyata keçirə bilmək imkanları verir. Belə cihazlara ehtiyacımız var.
Şərhlər