Sərəncamın mürəkkəbi qurumamış qiymətlər qalxır – Rəsmi qəzetdən sərt təndiq

Sərəncamın mürəkkəbi qurumamış qiymətlər qalxır – Rəsmi qəzetdən sərt təndiq

Rəsmi Azərbaycan qəzeti ölkədə ərzaq məhsulları, mevcə və tərəvəzin qiymətinin bahalaşmasını tənqid edən məqalə dərc edib.
 
Qaynarinfo "Od tutub yanan təkcə havalar deyil” başlıqlı həmin yazını qısa ixtisarla təqdim edir:

Həqiqətən, bu gün od tutub yanan təkcə havalar deyil. Amma bir az fərqinə vardıqda, ümumiyyətlə, havalar deyil, yaxud olmamalıdır. Çünki bir cənub ölkəsi və yay, üstəgəl bu fəsildə 35-40 dərəcə istiyə öyrəşmiş bizlər. Niyə şikayətlənməliyik ki?! Bu səbəbdən orta statistik qazanca malik kimdən soruşsaq qiymətlərlə müqayisədə havaların "toya gedəsi” olduğunu deyəcək. Niyə deməsin ki?!

…İqtisadçılarda, eyni zamanda qiymətlər, daha dəqiq desək, bahalaşma sarıdan bir rahatsızlıq da var və bəri başdan deyək ki, bu ehtimal boş yerdən yaranmayıb. İlk dəfə deyil ki, bizdə əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı imzalanan sərəncamların, necə deyərlər, mürəkkəbi qurumamış qiymətlər bahalaşır, daha doğrusu, bahalaşdırılır. Bahalaşdırılır ona görə ki, istər əvvəlki, istərsə də artıq başlamış indiki qiymət artımının obyektiv səbəblərdən çox subyektiv maraqların təminatına xidmət edən bəhanələri var.

Əvvəl bir neçə kəlmə ilk yanaşmada obyektiv görünən, amma önləyici tədbirlər həyata keçiriləcəyi halda zərərsizləşdirilə bilən səbəblər barədə. Götürək Prezidentin builki sosial paketlərini. Deməli, əhalinin həm sosial müdafiəsinin gücləndirilməsi üçün artırılan əməkhaqları, pensiyalar və müxtəlif istiqamətli ödənişlər, həm də manatın devalvasiyası səbəbindən yaranmış problemli kreditlərin həlli üçün büdcədən ayrılan və ayrılacaq vəsaitin miqdarı 4 milyard manatdan çoxdur. Bu o deməkdir ki, bazara bir o qədər pul kütləsinin daxil olacağı gözlənir. Pul kütləsinin çoxluğunun isə qiymət artımına səbəb olma ehtimalı var, təbii ki, önləyici tədbirlər görülməyəndə. Və əgər bu gün hamı bahalaşmadan şikayətçidirsə, deməli, bizdə həmin tədbirlər ya lazımi səviyyədə, ya da ümumiyyətlə, həyata keçirilmir. 

Əks halda ilin-günün bu vaxtında mövsüm meyvələrinin, tərəvəzin, eləcə də digər ərzaq məhsullarının qiymətləri cibimizi yandırmazdı. Hələ qeyri-ərzaq məhsullarını, xidmət haqlarını demirik. Belə qəbul edirik ki, onlar gündəlik tələbat malları deyil və bəd ayaqda ərzaqdan fərqli olaraq, onlarsız da keçinmək mümkündür.

Əsassız bahalaşmanın başqa bir tərəfi də var ki, bu da onun dövlətin sosial siyasətinin əleyhinə işləməsidir. Təsəvvür edin, dövlət əhalinin gəlirlərinin artması, yəni güzəranının yaxşılaşması üçün tədbirlər görür, ölkənin istehlak bazarında qiymətlərə nəzarət edən gözəgörünməz qüvvələr isə əsassız bahalaş(dır)ma "siyasət”ilə xalqın cibinə girib halal pulunu əlindən alır. 

Əslində "gözəgörünməz” adlandırdığımız həmin "qüvvələr”in inhisarçılar olduğunu hamı bilir, tək onlara qarşı həm iqtisadi, həm də inzibati üsullarla mübarizə aparmalı olan qurumlardan savayı.

Fəaliyyət sahəsi ilə bağlı hər gün topdansatış bazar və dükanlardan (marketlərdən) alver edən tanışımız deyir ki, eyni ərzağı iki gün dalbadal eyni qiymətə aldığı vaxt çox az olur: "Qiymətlər qəpiklə də olsa, hər gün bahalaşır. Hətta elə ərzaqlar var ki, onlar bir-iki gün yoxa çıxır, daha doğrusu, çıxarılır. O saat bilirik ki, bu, qiymət qaldırmaq üçündür, özü də az yox, əməlli-başlı. Nə edə bilərik, bütün məhsulların sahibi, yəni inhisarçısı var, qiymətləri də onlar müəyyənləşdirirlər”.

Başqa bir tanışımızsa kənddə yaşayır. Həyətində olmayan meyvə ağacı yoxdur. Dolanışığının bir qismi onlardan çıxır. Söyləyir ki, hər il meyvələrini qapıdan gəlib alırlar, hamısı da alverçilərdir. Ona görə də qiyməti "öldürürlər”: "Bakıda qohum-əqrabamız çoxdur, bazardakı qiymətlərdən xəbərim olur. Məsələn, bu il bizim kənddən təxminən manat yarıma alınan gilasın, əriyin, alçanın paytaxtda 5 manata və hətta daha baha satıldığını eşitmişəm. Belə çıxır ki, aradakı alverçilər meyvə ağaclarının ilboyu əziyyətini, nazını çəkən kəndlidən çox qazanır, özü də təkcə bizim yox, həm də şəhərdəki alıcıların hesabına”.

Düz sözə nə deyəsən. Amma bu yerdə bir məsələyə də toxunmaq istərdik. Söhbət kənd və şəhər rayonlarının bələdiyyələrindən gedir. Bu gün hansı bələdiyyə sədrini, yaxud üzvünü dindirsən, maliyyə azlığından gileylənəcək, fəaliyyətlərindəki bütün çatışmazlıqların günahını maliyyə qıtlığının boynuna qoyacaq. Halbuki axtardıqları vəsait, necə deyərlər, ağızlarının içində, gözlərinin önündədir. Götürək kənd yerlərindəki meyvələrin tədarükünü. Bu işin qazanclı olduğunu bilməyən yoxdur. Elə isə niyə kənd bələdiyyələri paytaxtın, digər iri şəhərlərin rayon bələdiyyələri ilə işbirliyi qurub bu gəlirli bazarı adına "alverçi” dediyimiz ara tədarükçülərinin əllərindən almırlar? Şəhərdəki rayon bələdiyyələri bu işbirliyinə can-başla razılaşarlar, çünki onlar da qazanacaqlar. Məhsul əldən-ələ düşüb bahalaşmayacağından qazanan həm də istehlakçılar olacaqlar.

Bu təklifi yeri gəlmişkən söylədik, ona əməl olub-olunmayacağı bizlik deyil, ən azından bələdiyyəlikdir. Hələliksə, bu cür təşəbbüslər olmadığı üçün hamı gileylidir - bahalıqdan, o üzdən pulun bərəkətsizliyindən, dəyərini aybaay yox, günbəgün itirdiyindən. Niyə də olmasın?! 

Ət, yağ yaxın durulası deyil, kolbasa, sosis od qiymətinə, çay, şirniyyat "ceyran beli”ndə, gilasa, əriyə yalnız baxmaq olur, kartof, soğan da öz əllərində, istəyəndə bahalaşdırır, istəyəndə ucuzlaşdırırlar. Banan nədir ki, onu da inhisara alıblar. 

İndi bu sayılmaz tropik meyvənin ən baha satıldığı yer Azərbaycandır. Nəyi deyəsən, hansını yazasan? Sənaye malları, yanacaq ucuzdurmu, xidmət, xüsusən də kommunal tarifləri əhalinin qazancına uyğundurmu? Bir də ki, bu qiymətlər bir-birinə bağlıdırlar axı... Əgər qənd-çay bahalaşırsa, yumurtanın da qiyməti qalxacaq. Çünki şəhərə yumurta satmağa gələn Gülsənəm qarı axşam kəndə dönəndə evinə qənd-çay almalıdır.

Bəla burasındadır ki, sözün həqiqi mənaslnda, dinamik xarakter almış bahalaşma həm yerli, həm də idxal məhsullarını əhatə edir, hər ikisi üzrə də əsassız, səbəbsiz, izahsız! Yerli istehsalçılara dövlətin etdiyi güzəştləri saymaqla qurtaran deyil. Vergilərdən azad edilməkdən tutmuş subsidiyalaracan olan həmin güzəştlərə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil! O üzdən indi bizdə yerli kənd təsərrüfatı məhsullarının qiymətləri hamı - həm istehsalçı, həm də istehlakçı üçün sərfəli olmalı idi. 

İdxal məhsullarına gəldikdə, onların da bahalaşması üçün bu gün əsas yoxdur. Dünyada qiymətlərə ən çox təsir edən enerji daşıyıcıları birjalarındakı vəziyyətdir ki, orada da vəziyyət sabitdir. 

Neftin qiymətində kəskin bahalaşma, yaxud ucuzlaşma qeydə alınmır. Üstəlik, neçə vaxtdır manatımızın dəyəri dollara-avroya nisbətdə möhkəmdir, ölkədə iqtisadi artım müşahidə olunur, istehsal artır, qıtlıq yoxdur. Deməli, daxili bazarda həm idxal, həm də yerli məhsulların qiymətlərindəki manipulyasiya tam subyektiv səbəblərdən irəli gəlir!

Tək bu kifayətdir ki, əlaqədar qurumlar vaxt itirmədən ölkənin istehlak bazarında təsirli tədbirlər həyata keçirsinlər, artıq ilkin əlamətləri görünən süni qiymət artımının qarşısını alsınlar, özü də qətiyyətlə!
XƏBƏRLƏR
BLOGLAR