Xəbər lenti

Şərqi Zəngəzurda yeni hərbi hissə kompleksi açıldı (FOTOLAR)
Foto 21:34 25.10.2021

Şərqi Zəngəzurda yeni hərbi hissə kompleksi açıldı (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, "HAROP”, "Quzğun” və "Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Qeyd edildi ki, hərbi hissə kompleksində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Kompleksdə hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsi, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi üçün zəruri xidməti və təlim-tədris bazası formalaşdırılıb. Tibb məntəqəsində hərbi qulluqçulara lazımi tibbi xidmətin göstərilməsi məqsədilə zəruri şərait var. Hərbi hissənin poliqonunda təlim məşğələlərinin təşkili və keçirilməsi, hərbi qulluqçuların döyüşə hazırlığının və fərdi məharətlərinin yüksəldilməsi, hərbi bölmələr arasında qarşılıqlı əlaqələrin işlənilməsi və birgə döyüş qabiliyyətlərinin artırılması üçün zəruri baza yaradılıb. İdman şəhərciyində futbol və voleybol meydançaları, həmçinin kazarmalarda müasir standartlara uyğun idman avadanlığı və alətləri ilə təchiz olunmuş məşq zalları təşkil edilib.

Kinoloji təlim şəhərciyində işğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış sursatların axtarışına və aşkarlanmasına cəlb olunan xidməti itlərin hazırlanması, vərdişlərinin təkmilləşdirilməsi, xidməti it təlimatçılarının peşəkar hazırlığının inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.

Hərbi hissə kompleksi istilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilib. Ərazidə əsaslı tikinti-abadlıq işləri həyata keçirilib, geniş yaşıllıq zolaqları salınıb.

Beləliklə, bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->