Sağlamlıq 18:10 23.11.2017

Səs-küy karlığa və depressiyaya səbəb ola bilər

Səs-küyə məruz qalmaq karlığa və depressiyaya səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, günlük həyatımızın hər sahəsində müxtəlif səslərə məruz qalırıq. Xüsusən də, maşınların, insanların səsi başımızı şişirir. 
 
Kanadalı mütəxəssislər xəbərdarlıq edir: Mütəmadi olaraq təkrarlanan gurultulu səslər karlığa və depressiyaya düşməyə səbəb ola bilər. 

"Journal of Otolaryngology”də yayımlanan təcrübədə gündəlik həyatda, xüsusən də, hərəkət halında məruz qaldığımız səslərin insan sağlamlığına birbaşa təsiri olduğu bildirilir. 
 
Təcrübənin nəticələrini araşdıran Kanadanın Toronto Universitetinin mütəxəssisi Vinsent Lin "Mütəmadi olaraq təkrarlanan səsləri eşitmək təkcə fiziki baxımdan problemlərə yol açmır. Eyni zamanda, insanın xroniki xəstəliklərinin aktivləşməsinə, hətta depressiya və psixi pozğunluqların yaranması kimi müxtəlif problemlərə yol aça bilir” deyib. 
 
Buna görə də sağlamlığımızın qeydinə qalmalı və səs-küy olan yerlərdən bacardığımız qədər uzaqlaşmalı, ən azı qulaqlıqlarımızı taxıb musiqi dinləməliyik. Eyni zamanda da, ətrafımızda qışqıraraq danışan, səs-küy yaradan kim varsa, ondan uzaqlaşmalı və ya bir yolla onu susdurmağı bacarmalıyıq. 
 
Nərmin Həsənli