Sənət 12:50 21.08.2020

Sevgilimin sevgilisinin kitabı...

Murad Muradov


(hekayə)

 

Çarlz Bukovskiyə ithaf

 

Otuz bir yaşım var. On bir il universitet həyatını başqa bir şəhərdə keçirdikdən sonra məmləkətimə gəldim. Həkim olaraq işə başladığım xəstəxananın yeməkxanasında ofisiant işləyən Alisa adlı hündürboy, sarışın bir qızla tanış oldum. Eyni yaşdaydıq. Bir neçə dəfə görüşdükdən sonra münasibətimiz ciddiləşməyə başladı. Mənə aşiq olmuşdu. Etiraf edim ki, mən də ona vurğundum. Yanımda olanda əllərim titrəyir, ürəyim dayanırdı. Məni öpəndə dodaqlarım tora düşmüş sərçə ürəyi kimi əsim-əsim əsirdi. O da məndən fərqli deyildi. Bir dəfə, hər şey çox yaxşı gedərkən, gözlənilmədən yaşına uyğun olmayan bəzi uşaq hərəkətləri etməyə başladı. Get-gedə məndən uzaqlaşdı. Səbəbi, uşaqlıq dostu olduğum bir oğlanla axşam saatlarında pivə içməyim idi. Bir müddətdən sonra Alisa işdən çıxıb, ailəsi ilə başqa bir şəhərə köçdü...

 

Üç aydan sonra ondan məktub aldım. Özündən yaşca çox böyük, məşhur bir yazarla eşq yaşadığını yazırdı. Əllidən çox yaşı olan birini necə sevə bildiyinə, ona həddən artıq maraq göstərməsinə məəttəl qaldım. Mənə məktub yazanda, şəkil yollayanda, adam haqqında danışanda onu qısqanmamağa çalışırdım. Qısqanc deyildim, onu itirməkdən qorxurdum. Bu cür davranmaqla məni daha çox sevəcəyini düşünürdüm. Bir ay səbr edib gözlədikdən sonra onlar yaşayan şəhərə getdim. İki həftə ona yalvardım, könlünü almaq üçün çox çalışdım, amma olmadı ki, olmadı...

 

Əslində, ürəyinə qulaq assaydı, heç vaxt məni buraxmazdı. Qoca yazarı seçdiyini, onu sevdiyini söyləyərək, məndən birdəfəlik ayrıldı. Özümü sudan çıxarılmış balıq kimi hiss etdim. Dünyam gözümdə qaraldı.

 

Bir aydan sonra ona yenidən məktub yazdım. Amma bu dəfə də alınmadı. Bir tək yolum qalırdı: o məşhur, qoca yazarla görüşüb, ona hər şeyi izah etmək, aradan çəkilməsini istəmək.

 

Axşamüstü Alisanın ofisiant işlədiyi bara getdim. Məni görməsini istəmirdim. Bir kənarda durub ətrafa göz gəzdirdim.

 

Bu məkanda deyəsən hamı bir-birini tanıyırdı.

 

İçki qoxusu, siqaret tüstüsü dözülməz idi.

 

Hər kəsdən uzaq bir masada ucaboy, kobud sifətli, saçlarını arxaya daramış bir qoca başını aşağı salıb, pivə çərəzlərini qurcalaya-qurcalaya siqardan dərin qullab alır, tüstünu spiral kimi burum-burum havaya buraxaraq, pivə içirdi. Onu tanıdım. Bu, həmin qocaydı! Sevimli Alisam müştərilərə sifarişləri götürərkən yolunu yaşlı sevgilisinin masası tərəfdən salırdı. Qoca ona gülumsəyir, o isə ağsaqqalın çiyninə, boynuna, ehtirasla əlini toxundurub canıyananlıq edirdi. Qoca əyləşən masaya yaxınlaşdım. Salam verib, oturmaq üçün icazə istədim. Onun cavabını gözləmədən də əyləşdim. Gözlərimin icinə baxıb, təbəssümlə:

 

- Biz tanışıq?! - soruşdu.

 

- Yox!.. – dedim. Əsəblə ucadan: - Mən sizinlə Alisa haqda danışmaq istəyirəm! O mənim sevgilim olub, - dedim.

Qoca arxaya gərilib, sol əli ilə açıq yaxasından sinəsinin tüklərini qaşıya-qaşıya:

 

- Dostum, sənin məsələn çox qəlizdir! - dedi.

 

- Alisa sizin tam fərqli biri olduğunuzu deyir. Siz onun çox xoşuna gəlmisiniz.

 

- Mən də gəldim ki, hər şeyi öz gözlərimlə görəm. Axı sizi hamıdan fərqli edən nədir? Yazıçı olmağınız? Şöhrətiniz?..

Cavabını bilmədiyim suallar beynimdə bal pətəyi quran arılar kimi vızıldaşırdı.

 

O, üzümə belə baxmırdı. Təxminən üç-dörd dəqiqə heç nə danışmadıq. Deyəsən, bu həngamə heç onun ruhuna da təsir etmirdi... Qoca mən tərəfə çevrilib, sərt və ciddi nəzərlərlə, gözlərini üzümə zillədi:

 

- Dostum, məni tanımaq istəyirsən?

 

- Bəli!

 

- Mən qəbuledilməz adamam. Pis adamı, qanunsuzu, axmağı sevdim mən. Düzgün işləri olan, tərtəmiz təraş olunmuş, qalstuklu adamları xoşlamıram. Ümidsiz adamları sevərəm, xəyalları qırıq, ağılları qırıq, yolları qırıq adamları...

Bir neçə dəqiqəlik sükutdan sonra dilləndi:

 

- Pivə içirsən? Pivəmiz boldur - əsl alman pivəsidir. Əladır, öləziyən ruhu dirildir. Nə deyirsiz?

Başımla "hə” dedim.

 

Ortaq sevgilimizi səsləyib, ona parçı göstərib, bizə pivə gətirməsini xahiş etdi. Çox keçmədən Alisa, əlində iki parç masamıza yaxınlaşdı. Mənə sarı qətiyyən baxmırdı. Qoca heç bir vicdan əzabı çəkmədən, onun biləyini, kobud və tüklü əli ilə sıxıb: - Keçmiş sevgilinə xoş gəlmisən deməyəcəksən?- dedi.

Alisa isə sıxıla-sıxıla, sifətinə sarsaq bir sevinc ifadəsi verib, - Sizə nuş olsun, - dedi, dərhal masadan uzaqlaşdı.

O, parçı başına çəkib, birnəfəsə yarısını içdi:

 

- Bura bax, gənc dost. Sən bilirsən, insanlar niyə içir?

Başımı sola-sağa yellədib, çiyinlərimi çəkdim.

 

- Elə isə qulaq as. Bədbəxt bir hadisə baş verəndə, dərdini unutmaq üçün içirsən; xoşbəxt bir hadisə baş verəndə, onu bayram eləmək üçün içirsən və heç bir şey baş verməyəndə isə içirsən ki, nəsə baş versin.

Pişiyin ətə marıtladığı kimi üzümə baxdı:

 

- Gəl, o zaman bu parçı sənin sağlığına, tanışlığımıza qaldıraq.

Təbii ki, mən bu sağlığa parçı yerindən belə tərpətmədim. O, yenə davam etdi:

 

- Sənin Alisan da mənim üçün öz işvə-nazı ilə kişilərin qanını coşduran, gözəlliyi ilə göz qamaşdıran, amma bəsit, zavallı qadınlardan biridir. Onunla bir neçə dəfə görüşmüşəm. Heç özüm də bilmədim, necə oldu ki, onunla sevişdik.

 

Özümü ələ almağa çalışdım...

 

- Sənin sevimli Alisan, bilirsənmi yatdığı kişi haqqında hər gün nələr fikirləşir? Onu qəbul edib-etməyəcəyini, atıb-atmayacağını, öldürüb-öldürməyəcəyini, ya da sadəcə, tərk edib-etməyəcəyini.

 

- Axı, mən onu atmamışam! Buna Tanrı da şahiddir! O ki mənə inanır!

 

O, yerindən qalxıb, pivədən bir qurtum içdi. Sonra bağırdı:

 

- Bu gecə parçımı Tanrını vecinə almayanlara qaldırıram.

Yenidən söhbətinə davam etdi.

 

- Dostum, "inam” ona sahib olanlar üçün yaxşıdır. Amma bunu ətrafdakılara, mənə, sırımağa çalışmaq lazım deyil.

 

- Heç ömründə nəyə görəsə sonradan peşman olmusan?

 

- Bəlkə də olub: İndi xatırlaya bilmirəm! - Mənə heç baxmırdı. Deyəsən, onun gözündə çox maraqsız idim. - Dostum, bəzən elə birini sevərsən ki, getdiyində ağlayarsan; mahnılara, filmlərə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan. Əmin ol! Çox keçmədən mənim nə qədər haqlı olduğumu anlayacaqsan...

 

Burnunun seliyini heç cür yığışdıra bilməyən şagirdə üz tutan müəllim kimi söhbətinə davam etdi:

 

- Yetərincə dürüstsən?

 

- Bəli!

 

- Ona aşiqsən? Onu hələ də sevirsən?

 

- Bəli.

 

Qoca ah çəkib, qaşındı:

 

- Səni təbrik etmək olar. Tam hazırsan, dostum. Artıq bədbəxtsən!..

Əlini mənə uzatdı. Özümdən ixtiyarsız mən də əlimi uzadıb, onun əlini sıxdım... Qoca sözünün ardını gətirdi:

 

- Çalış, sevməyi yox, yalnızlığı öyrən. Çünki ən çox ona ehtiyacın olacaq... İndi isə mənə icazə ver, tualetə getməliyəm. Sidik kanallarım bədənimdə toplanmış zir-zibilə dolub. Mütləq onları bayıra çıxarmalıyam.

Kəskin bir ağrı hiss edən adam kimi belini düzəltdi. Başını silkələyib, ayağa qalxdı. Özündən razı halda, sallana-salana, bir neçə addım atıb, geriyə çevrildi:

 

- Dostum! Bir qadının səndən üzü döndüsə, o qadını unut! Bunları sən yaşda olanda çox yaşamışam. Bütün bunlar qətiyyən faciəli deyil, sadəcə, bir az ağrıdır.

 

Onun saymazyana gedişinə baxa-baxa qaldım. Öz-özümdən soruşdum:

 

"Bütün bu hoqqalara dəyərmi? Görəsən, kənardan gülünc və iyrənc görünmədim ki? Mənə bu da azdı. İki şeyə əmin idim: Bu gün olanlar səfehlikdən başqa bir şey deyildi və bu həyat tərzi Alisanı uzun müddətli xoşbəxt etməyəcək”.

 

Artıq Alisanın mənim dünyamın adamı olmadığını başa düşən biri kimi, əyyaş qoca qayıdana qədər, masadakı köpüyü yatmış pivəni birnəfəsə başıma çəkdim. Masaya on dollar tullayıb, qalan pulumu saydım. Bardan çıxdım. Küçədən səslər, maşın siqnalları eşidilirdi. Üz tutub gedəcək bir yer tapmadığımdan bir saata yaxın piyada gəzdim...

 

Bürkülü yay gecəsiydi, istidən keyləşmişdim. Qəfildən ağlıma bir fikir gəldi. Yolun o biri tərəfinə keçib, köhnə üslublu binadakı, bəyaz və yaşıl rənglərlə boyanmış kitab mağazasına üz tutdum. İçəri keçib rəflərdən o qoca əyyaşın kitabını axtarmağa başladım.