Siyasət 15:25 15.06.2013

Səxavət Əlisoy: “Milli Şurada bazarlıq gedir” (İTTİHAM)

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisov şəxsi facebbok səhifəsində Milli Şura ilə bağlı ciddi itihamlar səsləndirib. 

O, Azərbaycanda baş verənləri ərəb ölkələrində baş verən hadisələrlə müqayisə edərək bəzi siyasi qüvvələri tənqid edib: "İki il əvvəl ərəblər padşahlarına qarşı üsyana qalxanda bizdə də bəzi siyasətçilər "ərəb baharı"nın havasından məst olub meydana çıxdılar. Nəticə hər kəsə bəllidir”.

S.Əlisoyun sözlərinə görə, müxalifət daxilində Milli Şuradan əvvəl İctimai Palata da yaradılsa da, hazırda həmin qurumun fəaliyyəti kölgədə qalıb: “Milli Şurada isə hələ ki, bazarlıq gedir. Və o Şurada bəzi “vətənpərvərlər” artıq özünü bazara çıxarıb. Biri Şimalla, digəri Qərblə, başqa biri İranla, digər biri də iqtidarla alverdədir. Başqa sözlə, "diribaşlar" özlərinə gün ağlamaq üçün dəridən-qabıqdan çıxır. Bu seçki, bəzi siyasətçiləri "xoşbəxt" edəcək. Nədən ki, "kimin yanında dayanmaq" məsələsi gündəmə çıxanda bu gün kombinasiyalı gedişlər edən siyas xadimlər işə yarayacaq". 

Partiya funksioneri passivliyə görə cəmiyyəti də ittiham edib: "Etirafa gərək var, biz xalq olaraq dəyişmək fikrində deyilik. Fərd olaraq dəyişməyə meylliyik. Çünki az qala bu iqtidara müxalifətdə olan 90 faiz xalqın 10 faizinə çatdıra bilmirik ki, dəyişmək zamanıdır. Anlada bilsəydik, o 10 faiz səslədiyimiz zaman yanımızda olardı. Bu payız çox şeylər sayılacaq. Bazarınız, xeyirli olsun, cənab diribaşlar və vətənpərvərlər”.

Qaynar.info