Anar Askerov
Ekonomiks 10:50 01.08.2019

Şəxsi reputasiya bərabərdir yüksəliş

Anar Askerov
PR mütəxəssisi

Yüksəlmək sözü bizə qorxulu, vahiməli və riskli gələ bilər. Çünki insan təbii olaraq özünü qorumaq məqsədi ilə daima stabil, təhlükəsiz, mümkünsə eyni yerdə qalıb daha çox yaşamağa çalışır. Yəni bu hisslər özünü və yaxınlarını qoruma instinkti ilə bağlıdır və qeyri-şüuri, qeyri-iradi baş verir. Bəzi cəmiyyətlərdə bu hisslər adət-ənənə ilə daha da möhkəmləndirilir.

Bəs bu hisslərə qalib gəldikdə nə baş verir? Komfort zonanı tərk etdikdə insan narahatlıq keçirir, lakin inkişaf məhz bu mərhələdən sonra baş verir. Hər bir işdə risk var. Heç kəs demir bu asan olacaq. İnkişaf etmək, yüksəlmək böyük əzm, iradə və intizam tələb edir. Hər şey qarşıdakı məqsəddən asılıdır. Məqsəd seçdiyin sahə üzrə bir nömrəli ekspert olmaqdırsa, deməli həmin sahəni hər kəsdən yaxşı bilmək üçün daha çox oxumalı və araşdırmalısan. Məqsəd sağlam həyat tərzidirsə, deməli daha çox qaçmalı və sağlam qidalanmalısan. Məqsəd daha çox gəlir əldə etməkdirsə, deməli müştərilərini xüsusi fərqləndirməli və onlara yanaşmada rəqiblərdən daha çox dəyər qatmalı, durmadan çalışmalısan.

Şəxsi reputasiyanın qurulmasına qərar vermək də yuxarıda sadaladığım risklər qrupuna aiddir. Yəni bu yola çıxmaq və məqsədlərin uğrunda irəliləmək heç də asan başa gəlmir. Müasir dövrdə dəyərli olmaq, seçilmək və sevilmək çətindir, çünki hər kəs danışır. Hər kəs danışır, lakin ən dəyərlilər eşidilir və yüksəlir. Yüksəlmək məqsədlərinə addım-addım irəliləmək, inkişaf etmək gözəldir və mən deyərdim xoşbəxtliyin özüdür.