Dünya 11:04 09.08.2017

Şimali Koreya ABŞ-a hücum planlaşdırır

Şimali Koreya rəsmisi ABŞ-a aid hərbi bazaya raket hücumu planlaşdırdıqlarını açıqlayıb.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs Sakit okeandakı Quam adasında yerləşən və ABŞ-a aid olan hərbi bazaya orta və uzaqmənzilli raket hücumu planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, Quam hərbi bazası Cənubi Koreya səmalarında uçan B-1 təyyarələri üçün yanacaqdoldurma məntəqəsi funksiyasını yerinə yetirir və Şimali Koreya bu uçuşların onlar üçün təhlükə yaratdığını iddia edir.

Şimali Koreyanın bu məlumatından sonra açıqlama verən Quam rəsmisi Eddi Baza Kalvo hələlik bir təhlükənin olmadığını və ehtimal olunan hücuma hazır olduqlarını deyib.

Bu günə qədər 5 nüvə və 2 ballistik raket sınağı həyata keçirən Şimali Koreya ilə ABŞ arasında münasibətlər ötən gün daha da kəskinləşib. Belə ki, ABŞ prezidenti bu ölkə əleyhinə sərt bəyanatlarla çıxış edib.

Gülşən

Qaynarinfo.Az