Sağlamlıq 13:24 21.10.2017

Sinir sistemi xəstəlikləri hansı fəsadlara səbəb ola bilər?

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklərdir. Bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə misal olaraq beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.

“Qaynarinfo” bildirir ki, beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.

Bu zaman xəstəyə ilk yardım kimi rahatlıq verilməli, uzandırılmalı, başı bir qədər hündürdə yerləşdirilməli, başa buz, ayaqlara isə isitqac qoyulmalıdır. Venaya qlükoza qarışığı ilə eufillin yeridilir. 10-12 gündən sonra iflici masajla müalicəyə başlayırlar.

Kəskin poliomielit: Onurğa beyninin boz maddəsinin iltihabıdır. Uşaq onurğa beyni iflici adlanır. Xəstəliyi virus törədir. Törədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur. Əvvəl temperatur yüksəlir, üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar yaranır. Sonra iflic dövrünə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər uzana bilər.

Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin turşusu, C, B1, B12 vitaminləri təyin edilir. Fizioterapevtik müalicədən də istifadə edilir.

Beyin travması: Bu, əsasən, travmatik zədələnmədir. Travmadan sonra qəflətən şüur itir. Yüngül formada bir neçə saat, ağır travmada isə 2-3 günədək davam edir. Ürəkbulanma, qusma baş verir. Yaddaş pozulur. Travmanın aradan qaldırılması istiqamətində müalicə aparılır. Xəstə 10-15 gün yataq rejimində olmalıdır. Simptomatik müalicə aparılır. Ürək dərmanlarından istifadə edilir.

Nevroz: psixi travma nəticəsində psixi fəaliyyətin geri dönən pozulması olub, bu zaman real aləmin inikası pozulur və şəxs xəstəliyini dərk edir. Nevrozun əsas əlamətləri təşvişdən (həyəcandan) və həmin təşviş hissindən qurtarmağa yönəldilmiş həddən artıq nəzərə çarpan davranışdan ibarətdir. Nevrozlar müxtəlif sinir - psixi əlamətlər, o cümlədən, emosional davamsızlıq, psixi və fiziki yorğunluq, bədən ağrıları və s. ilə təzahür edir. Nevrozların təsnifatı indiyədək mübahisəli qalır. Müxtəlif müəlliflər bunlara nevrozların 3 klassik forması olan nevrasteniya, sarışan hallar, histeriyadan başqa, ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetonevroz və s. kimi nevrotik halları da aid edirlər.

Nevrozların ən geniş yayılmış forması nevrasteniyadır. Sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik xəstəliyin etiologiyasında mühüm amil hesab edilir. Xəstəliyin əsas simptomokompleksi isə asteniyadır. Ən adi iş belə xəstəni yorur, əhvalını pisləşdirir. Cüzi bir qıcıq şiddətli affektiv reaksiya törədir, yuxunu pozur. Beyin qabığı ilə qabıqaltı mərkəzlər arasındakı neyrodinamikanın pozulması vegetativ sinir sisteminin normal fəaliyyətini dəyişdirir və bu, daxili orqanlarda funksional patologiyaya səbəb olur. Başağrısı, başgicəllənməsi, təngnəfəslik, ürəkdöyünmə, ürək ağrısı, iştahanın, cinsi fəaliyyətin pozulması müşahidə edilir. Nevrasteniyalı şəxslər öz xəstəliklərini şişirdir, tez-tez müxtəlif tibbi müayinələrdən keçməyə cəhd edirlər.

Nərmin Həsənli

Qaynarinfo.Az