Hüseynbala Səlimov
Siyasət 11:59 27.03.2018

Siyasət artistlik olsa da, klounluq deyil...

Hüseynbala Səlimov

Hələ böyük Platon deyirdi ki, həyat bir oyundur və mənim bu adamla mübahisə açmağımın heç bir yeri yoxdur – özümün filosof olmamağım bir tərəfə, bir dəfə onun haqqında oxuduğum bir cümlə hətta peşəkarları da bu cəhddən çəkindirmək iqtidarındadır. 

Həmin cümlədə deyilirdi ki,  bütün Qərb fəlsəfəsi Platona yazılmış kommentariyalardır... 

İnid bundan sonra gəl, Platonla mübahisə aç, görüm, necə açırsan! Elə bu səbəbdən də bir daha deyirəm ki, belə niyyətim yoxdur, salamatı, intellektual və fiziki mükəmməlliyin təcəssümü olan bu adamın fikrini qeyd -şərtsiz qəbul etməkdir.

Həm də mənim cəmi insanların yalnız qocalıqda azacıq anlamağa başladığı həyat haqqında polemika açmaq fikrim yoxdur, çünki mən hələ dəqiq bilmirəm ki, bu, nədir - əbədi yoxluq ərəfəsində kiçik bir mövcudluq və necə deyərlər, nəhayətsiz qaranlığa bir pəncərə, yoxsa ki, daha mükəmməl və möhtəşəm mövcudluq ərəfəsində bir sınaq intervalı?

Ona görə də "oyun söhbəti” məni dar bir çərçivədə - yalnız siyasət anlamında maraqlandırır. Bəli, hamı etiraf edir ki, siyasətdə bir azacıq oyun, bir azca artistlik, bir az da biznes elementləri var. 

Ölkədən asılı olaraq bu amillərin nisbəti dəyişir. Amma yenə də hamı etiraf edir ki, bu siyasət deyilən fenomen son nəticədə nə artistlikdir, nə də biznes və bunun öz qanunları var. Fəqət, ölkələr olur ki, ona yalnız və yalnız artistlik və biznes prizmasından baxırlar, axırda da bunun bədəlini ödəməli olurlar.
Biznes məsələsini bəri başdan bir tərəfə qoyuram, çünki onun bizim gerçəklikdəki dərinliyinə varsam, gərək, çox məsələləri çək-çevir edəm.

Ona görə də artistlik məsələsi üstündə dayanmaq istəyirəm. Fəqət, elə bəri başdan deyirəm ki, siyasət artistlik olsa da, onda teatral – kinematoqrafik elementlər olsa da, bu, hər halda, kulounluq da deyildir.

Niyə bu məsələyə toxunduq? Hamı olmasa da, siyasətə hələki büsbütün marağını itirməyən insanlar  televiziya ilə göstərilən seçki debatlarını hər halda, seyrək də olsa, izləyirlər. 

Demirəm ki, oradakı yeddi namizəd tamam faydasız işlə məşğuldur. Yox, sözü olan kəs kiçik imkandan belə yararlanmalıdır ki, heç olmasa, cəmiyyətə mövqeyini çatdıra bilsin. Həm də duyulan budur ki, həmin o yeddi nəfərin hamısı olmasa da, hər halda, yarısı nədənsə narahatdır və  debatlar həmin narahatlığı bölüşmək üçün də bir fürsətdir. Qərəz, ümumi halda, bu, çox faydalı işdir.

Amma bir də görürsən ki, biri qayıdır ki, prezident seçiləcəm və filan işləri görəcəm, digəri buyurur ki, prezident seçilərəmsə, bunları edərəm!
Tamaşaçı-seçici də gözəl bilir ki, bunların heç biri olmayacaq, çünki həmin adamlar ən demokratik seçkilərdə belə prezident seçilə bilməzlər. Elə özləri də ürəklərində yaxşı anlayırlar ki, bura prezident seçilməkçün çıxmayıblar...

Ona görə də bəndənizə bircə tövsiyyəni xatırlatmaq qalır: siyasət artistlik olsa da, hər halda, kulounluq deyildir. Qoy, məndən bizim sirk ustalarımız inciməsinlər ki, guya onların sənətini ucuz tuturam- qəti belə deyil, sadəcə, belə deyim var...

Burada yadıma bir detal düşür. Əbülfəz bəy (keçmiş prezident Ə.Elçibəyi nəzərdə tuturam) bizə hərdən deyərdi ki, darıxmayın, narahat olmayın, özünüz hakimiyyətə gəlməsəniz də, başqa bir hakimiyyətə şərik olacaqsınız. 

İndi bir xeyli vaxtdan sonra bəzi məqamları düşünəndə özüm də görürəm ki, o, qismən haqlı çıxdı - ən azı bir regionun timsalında sözləri çin oldu...  

Seçki debatlarına baxanda və eləcə də bu günə qədər eşitdiyim və bildiyim başqa faktları yadıma salanda özüm də görürəm ki, bir regionun "çəbhəçi”lərinin hamısı olmasa da, fərasətli hissəsi həqiqətən hakimiyyətə şərikdir. 

Yox, bunu paxıllıq və yaxud qısqanclıq kimi qəbul etməyin, onların əvəzinə biz də sevinirik, biz də şadıq ki, keçmiş "silahdaşlar”ımız sosial - psixoloji izolyasiyadan çıxa bildilər, bir az gec olsa da, cəmiyyət içrə yerlərini tapa bildilər.

Sadəcə, məsələnin ağrılı, həm də düşündürücü tərəfi budur ki, yenə də hamı ilə olmasa da, bir çoxları ilə bağlı bizim o vaxtki şübhələrimiz düz çıxdı, çünki onda bir çoxunun siyasi "trayektoriya”sını izləyəndə tamam çaş - baş qalırdıq, ona görə ki, izlər çox uzaqlara aparır və adamı əməlli -başlı çaşdırırdı.
Amma onda deyirdik ki, qaranlıqlar işıqlanacaq bir gün və çox mətləblərə aydınlıq gələcək. Elə də oldu və biz indi kirimişcə, çox böyük maraqla bunun daha bir əyani təzahürünü seyr edirik. 

Bəlkə də həmin adamların bəzisi onları seyr etməyimizdən tamam xəbərsizdir; düşünürlər ki, indi heç kim "kimin kim olduğu”nun fərqində deyil və bunu bilmir. 

Yox, bilirik. Özü də çoxdan bilirdik, sadəcə, indi növbəti təsdiqini görürük bunun. Ona görə də əvvədə dediyimiz məşhur kəlamla bitirmək istərdik yazını: siyasət artistlik olsa da, hər halda, klounluq deyil...