Siyasət 12:24 27.07.2013

Siyavuş Novruzov YAP-ın seçki hazırlıqlarından danışdı

“Artıq Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarında yaradılmış seçki qərargahlarının üzvləri müəyyənləşib, onların siyahıları təqdim olunub. Çalışmışıq ki, o insanlar bu qərargahlara cəlb olunsunlar ki, ilk növbədə, rayon ictimaiyyəti arasında nüfuza və hörmətə malikdirlər, eyni zamanda, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün maksimum gücü ilə çalışacaqlar”.

Qaynar.info Gün.Az-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili S.Novruzov dilə gətirib.

Seçkilərə 3 aydan da az vaxt qaldığını söyləyən YAP icra katibinin müavini deyib ki, Azərbaycanda seçki prosedurlarının həyata keçirilməsi üçün 2 ay nəzərdə tutulub.

Onun dediyinə görə, avqust ayının əvvəllərində artıq seçkilərə start veriləcək: “Bizim seçkilərə hazırlığımız əvvəlcədən nəzərdə tutulmuş plana uyğun olaraq mərhələli şəkildə və uğurla həyata keçirilməkdədir. Artıq bir sıra məsələləri həll etmişik. Məsələn, rayon-şəhər ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüşlərin keçirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi, onlara treninqlərin keçirilməsi və sair işlər başa çatdırılıb”.

Qaynar.info