Texnologiya 21:03 06.03.2018

“Skype” bu telefonlarda bərpa edildi

"Skype” bu telefonlarda bərpa edildi

"Microsoft” korporasiyası "Android” əməliyyat sisteminin köhnə versiyalarının (o cümlədən Android 4.0.3 və Android 5.1) idarəetməsi ilə işləyən qurğular üçün "Skype” əlavəsinin yeni optimallaşdırılmış versiyasını təqdim edib.   

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, yaxın günlərdə başlayacaq yenilənmənin bir neçə həftə ərzində bütün müvafiq qurğularda quraşdırılacağı gözlənilir.

"Google” şirkətinin məlumatına görə, fevralda "Android 4.0.3-5.1” versiyasının aktiv "Android” qurğularında payı 42 faizə yaxın olub.

"Microsoft” korporasiyası 2017-ci ilin iyulunda bir sıra əməliyyat sistemləri üçün "Skype” proqramının dəstəklənməsini dayandırması nəticəsində milyonlarla istifadəçi servisdən yararlanmaq imkanından məhrum olub. Proqramdan istifadəni davam etdirmək üçün istifadəçilərdən daha müasir platformalara keçmək tələb olunub.

Rəsmi "Skype” dəstəyindən "Windows 8” və "Windows 8.1” əməliyyat sistemləri, eləcə də 4.0.2-dən aşağı "Android” versiyaları, "Blackberry OS 7.1” və daha aşağı versiyalar, "iOS 7” və daha aşağı versiyalar, "Mac OS X 10.8” və daha aşağı versiyalar məhrum olub. Bundan başqa bu, "Windows RT” və "Symbian OS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulara şamil edilib.

"Microsoft” korporasiyası "Windows Phone” istifadəçilərinə qurğu tərəfindən dəstəklənəcəyi təqdirdə daha yeni "Windows 10 Mobile” əməliyyat sistemini quraşdırmağı tövsiyə edir.