Ekonomiks 09:42 29.12.2017

"SOCAR ölkədə və xaricdə çox böyük investisiya layihələri həyata keçirir" (Ekspert)

Gələn ilin dövlət büdcəsindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalının artırılması üçün vəsait ayrılması nəzərdə tutulub. Bu barədə maliyyə naziri Samir Şərifov açıqlama verib.  

Bəs görəsən ölkənin ən varlı və büdcəni formalaşdıran əsas qurumu olan SOCAR-a büdcədən maliyyə vəsaiti ayırmaq zərurəti niyə yaranıb?

Mövzunu "İslaminSesi” nə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban şərh edib. Ekspert bildirib ki, 2013-cü ildən sonra SOCAR-ın nizamnamə kapitalının artırılmasına büdcədən vəsaitlərin köçürülməsi prosesi baş verir: 



"SOCAR həm ölkə daxilində, həm də ölkə xaricində çox böyük investisiya layihələri həyata keçirir. Yəni bunu özünün şəxsi vəsaiti hesabına həyata keçirə bilməz. Yaxud Dövlət Neft Şirkətinə dövlət tərəfindən kommersiya qurumu kimi baxılsa idi, o zaman SOCAR daxildə və xaricdə layihələri öz vəsaiti hesabına həyata keçirərdi. Yəni SOCAR Azərbaycan qanunvericiliyinə əsasən 20 faiz mənfəət vergisi ödəyib, əldə etdiyi digər vəsaiti öz inkişafına sərf etsə, o zaman fərqli münasibət sərgilənərdi”.

İlham Şabanın sözlərinə görə,  Dövlət Neft Şirkəti hər zaman  hökumətə öz üzərinə düşən vergi öhdəliyindən artıq vəsaitlər ödəyib: " Bu gün SOCAR özünə aid olmayan layihələrə də vəsait ayırır. Şirkət hər il 200-300 milyon manat civarında sosial layihələrə pul sərf edir. Bu səbəbdən də, Azərbaycan prezidenti çıxışlarında Dövlət Neft Şirkətini ölkə iqtisadiyyatının lokomativi adlandırır və hökumətin xüsusi diqqət və qayğısını SOCARA hər zaman hiss etdirir. Bunun müqabilində isə SOCAR hökuməti lazım olduğu qədər pul vəsaiti ilə təmin edir”.