Ekonomiks 15:46 29.01.2019

SOCAR neft və qaz hasilatını artırıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat 7,54 mln. ton neft, 6,53 mlrd. kubmetr qaz təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Neft hasilatı əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə 1,6%, qaz hasilatı 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 mln. ton neft və 30,49 mlrd. kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6% artıb. 

SOCAR-ın I vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib ki, kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik: "Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcək”. 

2018-ci ildə SOCAR 11,2 mlrd. kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib. Şirkətdən bildirilib ki, beləliklə birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək daxili tələbat tam ödənilib, qalan 2 mlrd. kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulub, 1,42 mlrd. kubmetr təbii qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.

Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11% çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına, ümumilikdə, 7,23 mlrd., Gürcüstan bazarına isə 2,21 mlrd. kubmetr təbii qaz ixrac olunub.

Bildirilib ki, SOCAR tərəfindən 2018-ci ildə 23,88 mln. ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 mln. ton emal olunmuş neft və neft-kimya məhsulu ixrac edilib.