Ekonomiks 13:08 03.07.2020

“SOCAR Polymer” avqustda tibbi maskalar üçün 2 000 tonadək məhsul istehsalı planlaşdırır

Bu ilin may ayında  "SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen  zavodunda 611 tona yaxın həcmdə tibbi maska istehsalı üçün yararlı olan HB 2 662 FS polipropilen növü istehsal olunub.

Bunu "Report”un sorğusuna cavab olaraq SOCAR-ın Tədbirlərin Təşkili və İctimaiyyətlə Əlaqələr Departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bu polimer növünün növbəti sınaq partiyasının istehsalından sonra, avqust ayında daha ən azı 1 500-2 000 ton həcmində istehsalı planlaşdırılır.

O qeyd edib ki, bazar araşdırması aparılandan sonra nəzərdə tutulan istehsalat həcmləri dəqiqləşdirilib təsdiqlənəcək.

Qeyd edək ki, may ayında "SOCAR Polymer”dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı homopolimer propilenin ilk sınaq-sənaye partiyasını istehsal edib.

Həmin homopolimerdən qoruyucu maskalar, respiratorlar, birdəfəlik tibbi geyimlər, uşaq bezləri, mebel və tikinti təyinatlı parçalar, habelə geotekstil növlərinin hazırlanmasında istifadə olunan toxunmamış materialların istehsalı üçün istifadə edilir.