Dünya 11:37 16.03.2019

Son 10 ildə törədilmiş ən ağır qətliamlar (SİYAHI)

Dünən Yeni Zellandiyada törədilən qətliamda ölənlərin sayı 50-yə çatıb. Ölkədə iki məsciddə törədilən terror tarixin ən ağır hadisəsi kimi dəyərləndirilir. Daha əvvəl də dünyanın fərqli yerlərində ibadətgahlara hücum təşkil olunub.

Qaynarinfo son 10 ilin ən ağır terror hadisələrini təqdim edir:

Almaniya, 2018-ci il, Yeni il gecəsi: Bottrop və Essen hücumları

2018-ci ilin son günündə 50 yaşlı Andreas N. Almaniyanın qərbindəki Ruhr bölgəsində avtomobilini bilərəkdən miqrantların üzərinə sürüb. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb. Cinayətkar Bootropda uşaqlı bir suriyalı və əfqan ailəni hədəf alıb. Daha sonra cinayətkar Essen şəhərinə qaçıb və burda da avtomobili avtobus dayanacağında dayanan piyadaların üzərinə sürüb və özünü irqçi sözlərlə müdafiə edib. Hücum terror olaraq dəyərləndirilib.

Kanada, 2017-ci il: Qvebekdə məscidə hücum

Kanadanın Qvebek bölgəsində İslam Mədəniyyət Mərkəzində namaz qılan 6 nəfər hücum zamanı qətlə yetirilib, 18 nəfər isə yaralanıb. Ölkənin baş naziri Castin Trudeau hücumu ibadət zamanı müsəlmanlara qarşı törədilmiş terror adlandırıb və qınayıb.

ABŞ, 2017-ci il: Şarlotsvildə radikal sağçılara hücum

ABŞ-ın Virciniya ştatında yerləşən Şarlotsvildə radikal sağçıların mitinqində avtomobil aksiya iştirakçılarının arasına girib. Hadisə nəticəsində 10 nəfər ölüb, 33 nəfər yaralanıb. Cinayəti törədən 20 yaşlı bir gənc olub.

İngiltərə, 2017-ci il: Finsböridə məscidə hücum
 
19 iyun 2017-ci ildə 47 yaşlı bir şəxs Londonun şimalındakı Finsböri məscidinin yaxınlığında avtomobillə cinayət törədib. Hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Ölən və xəsarət alanlar Ramazan Bayramı münasibəti ilə ibadətə gələn müsəlmanlar olub. Cinayətkara ömürlük həbs cəzası verilib.
 

 
Almaniya, 2016-cı il: Münhendə ticarət mərkəzinə silahlı hücum
 
Münhendə Olimpiya Ticarət Mərkəzində törədilən hadisədə azı 10 nəfər ölüb. Hücumu təşkil edən 18 yaşlı tələbə, hadisənin ardından intihar edib. O, binada 60 dəfə atəş açıb.
 

 
ABŞ, 2015-ci il: Çapel Hildə sui-qəsd

3 tələbə Şimali Karolinadakı Çapel Hilldəki evlərində 46 yaşlı qonşuları tərəfindən vurularaq öldürülüb. Qətliamı törədən Kreyq H.-ın sosial şəbəkə hesabına özünü dinə qarşı olan biri kimi təqdim etdiyi və silah şəkli paylaşdığı məlum olub. Öldürülən 2 qızın atası Məhəmməd Əbu Salha qızlarının dinlərinə görə öldürüldüklərindən əmin olduğunu deyib.
 

 
Norveç, 2011: Breivik qətliamı
 
Radikal sağçı olan norveçli terrorçu Anders Breivik 22 iyul 2011-ci ildə təşkil etdiyi 2 hücumda 77 nəfəri öldürüb. Onun qurbanları əsasən gənclər idi. Bu hadisə II Dünya Müharibəsindən sonra Avropa tarixinə ən qanlı hadisə kimi düşüb. Hökumət binalarının yerləşdiyi ərazidə bombalı hücum gerçəkləşdirən Breivik Utoya adasında da gəncləri hədəf alıb. Hücumlarını ən incə detallarına qədər hesablayan terrorçu manifestində çoxmədəniyyətliliyi və Avropanın islamlaşmasını dayandırmaq istədiyini yazıb. Ona 21 il həbs cəzası verilib.
 

 
Almaniya, 2009-cu il: məhkəmə salonunda bıçaqlanraq öldürülən hamilə qadın
 
Əczaçı Mərvə əl Şərbini həyat yoldaşı ilə birgə Almaniyanın Drezden şəhərində yaşayırdılar. O, 2009-cu ilin 1 iyulunda məhkəmə salonunda irqçi nifrətin qurbanı olub. O zaman Şərbini 3 aylıq hamilə idi. Bu cinayət Almaniyada ilk islamafobik məzmunlu cinayət hesab edilir. 31 yaşlı qadın məhkəmədə ifadə verdikdən sonra alman-rus qarışıqlı Aleksandr V. tərəfindən ordaca bıçaqlanaraq öldürülüb. Qatilin bıçağı məhkəmə salonuna necə keçirdiyi hələ də məlum deyil. Eynilə həyat yoldaşına kömək etməyə çalışdığı üçün ərinin də nə üçün vurulduğu bilinmir. Yaralanan şəxs hazırda oğlu ilə birgə Kanadada yaşayır. Hadisənin baş verdiyi 1 iyul hər il Almaniyada müsəlman irqçiliyinə qarşı simvolik bir gün kimi qeyd olunur.