Sənət 11:58 02.09.2019

Sonsuzluqla baş-başa

Vahid Qazi həvəslə aradığım, oxuduğum yazarlardandır. "V. Qazinin yazıları” adlı kompüterimdə ayrıca bir fayl da var. Mənə rast gələn yazılarını çoxdan toplayıram.

Özü ilə tanışlığım 90-cı illərə gedib çıxır. Bakıda, Sərdarov küçəsində yerləşən, rəhbərlik etdiyi "İnam” Plüralizm Mərkəzinin ofisində dəfələrlə olmuşam.

Onun son kitabını – "Çöl Qala” povestini də birnəfəsə oxudum. Əsərin maraqlı və yeni təqdim usulu var. Hötenin "Gənc Verterin iztirabları”na bənzətdim.

Povest bəzən oxucunu zamanlar və məkanlar qovuşuğunda azdırır, bəzən real və ya virtual ünsiyyətin hansı olduğunu tapa-tuta bilmirsən, iki dünya arasında qalırsan. Hadisələrin quruluşu oxucunu intizarda saxlayır – bu, yazar üçün önəmlidi məncə.

Əsərin başlıca mövzularından biri tənhalıqdı, yaradıcı insanın tənhalığı. Ünsiyyətin qloballaşdığı və tarixin bütün dövrləri ilə müqayisədə asanlaşdığı bir dövrdə müasir insanın yalnızlığı, özünüarama cəhdi real təsvir edilib.

Hazırkı dünya öz klassik dəyərlərindən uzaqlaşmış kimi görünür. Bu əsər həm də indi az qala əyləncə dünyasının, ifrat praqmatizmin bizlərə unutdurduğu sevgi haqdadı. Povest modern dünyanın və klassik dəyərlərin ruhi-mənəvi konfliktindən bəhs edir.

Şübhəsiz ki, hər bir xalqın bədii ədəbiyyatı, irsi onun bir növ "xəstəlik tarixçəsi”dir. Nakamlıq, uğursuzluq, məqsədə çata bilməmək bizim bədii irsimizin əsas məziyyətlərindəndir desəm, fikrimcə yanılmaram. Bu aqibət heyf ki, "Çöl Qala”nın qəhrəmanlarına da xasdır.

Əsəri oxuduqca bir daha əmin oldum ki, müəllifin inqilabi, mübarizlik keyfiyyətləri aşılayan, insanlarda kök atmış mövcud inamsızlığı aradan qaldırmağa yönələn əsər yazmaq və bununla bütün cəmiyyətə güclü təsir etmək imkanı var. Məsələn, Voyniçin "Ovod” kimi bir əsərdən danışıram. Cəmiyyətimiz belə bir yeni mənəvi kodeksə ehtiyacı duyur. Cəhalətin, nadanlığın ən kəskin mərhələsinə qədəm qoyan, sosial impotensiyadan bir növ əziyyət çəkən, humanitar simasını gündən-günə itirən toplum üçün bu əla çağırış olardı.

80-ci illərdə Sabir Rüstəmxanlının "Ömür kitabı”nın milli ruhun oyanmasında necə böyük rol oynadığını çoxları xatırlayır. Məncə, bax, bizim belə bir kitaba ehtiyacımız var. Vahid Qazi bunu edə bilən qələm adamlarındandır.

Kitabda qorxulu, kəskin həqiqətlərlə rastlaşırsan. İnsanın heç kimə deyə bilmədiyi, çəkindiyi həqiqətlər kimi. Tək ayrı-ayrı fərdlərin deyil, bütöv xalqın da bioqrafiyasında, irsində, xarakterində belə həqiqətlər var. Vahid bəy bunları yazmaqla sanki oxucuya demək istəyir ki, həqiqətdən qorxan insan, yaxud xalq güclü ola bilməz.

Əsər həm də müasir qloballaşan dünyanın mənəvi aləmini anlamaq cəhdidir. Eyni zamanda öz vətənindən uzaq düşən, amma onunla yaşayan, həqiqətləri daha aydın görən bir insanın realist yanaşması və təsvirləridır. Öz ölkəsinə kənardan baxmaq, onu müxtəlif nöqtələrdən görə bilmək yaradıcı insan üçün çox önəmlidir.

Povestin ən çox xoşuma gələn məziyyətlərindən biri də onun dilidir. Bu əsər dilimizin məhdud imkanları haqda danışanlara yaxşı bir cavabdır.

Uzatmayım, bircə onu deyim ki, "Çöl Qala” sanki bitmir: oxucunu virtual və real aləmin qovuşduğu təsvirəgəlməz bir sonsuzluqla baş-başa buraxır…

Mehman Kərimov
Köln Universitetinin magistri