Ölkə 15:46 30.09.2020

“Sonuncu vətəndaşımız şəhid olsa belə, geriyə yol yoxdur...” - Fərəc Quliyev

"Sonuncu vətəndaşımız belə şəhid olsa, bu məsələdə geriyə yol yoxdur”.


Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan tam azad olunmalıdır:


"Azərbaycanı dayandırmağa kiminsə nə haqqı var, nə də gücü. Əvvəla, proseslərə iki müstəvidən baxmaq lazımdır. Son hadisələrə baxanda ermənilər dünya ictimaiətində belə fikir formalaşdırmağa çalışır ki, guya hücumu Azərbaycan tərəfi başlayıb. Amma 2019-cu ilin sonunda Ermənistan Müdafiə naziri Tonoyan açıq şəkildə bəyanat verdi ki, yeni torpaqlar işğal eləmək naminə yeni müharibə başlatmaq lazımdır. Sonrakı günlərdə Tovuz hadisələri başladı. Həmin vaxt Rusiyanın onlara 4 yüz ton silah verdiyi sübut olundu. Avqust ayında isə yenidən onlara silah verdiyi açıqlandı. Bununla bağlı Azərbaycan Prezidenti də Rusiya Prezidenti ilə danışdı ki, belə etməyin, Ermənistan savaşa hazırlaşır. Sonrakı dönəmdə Azərbaycan Prezidenti dəfələrlə həm BMT-nin iclasında, həm də başqa tədbirlərdə ATƏT-in nümayəndələrinə xəbərdarlıq elədi ki, Ermənistan yeni böyük savaşa hazırlaşır, bunun qarşısı alınmalıdır. Hətta BMT-in iclasında da bildirdi ki, bir qrafik hazırlayın, işğalçılar torpaqlarımızdan çıxsın. Ermənilər isə bunun müqabilində Azərbaycan xalqını təhdid elədilər. Dinc əhalini atəşə tutdular, körpələri belə öldürdülər. Ermənistan indiki halda baş verən hadisələrin törədicisi olduğunu birmənalı sübüt edir”.

 

Fərəc Quliyev hesab edir ki, Azərbaycanın yeganə məqsədi ərazisini işğaldan azad etməkdir:

 

"Məsələ BMT-də, Rusiya Dumasında, ATƏT-də müzakirə olunub. Hər kəs çağırış edib ki, məsələni dinc yolla həll eləyin. BMT-nin 4 qətnaməsi var və 30 ildir həllini gözləyir. BMT-nin qətnamələrinin izahlı mexanizmi və nizamnaməsinin 7-ci bəndi, 45-47 paraqraflar var. Ona görə hərbi və qeyri-hərbi sanksiyalarla Ermənistanı geri oturda bilərdilər. Amma bütün hallarda bərabərlik işarəsi qoydular. Azərbaycan tərəfi dəfələrlə deyib ki, dinc yolla məsələnin tərafdarıyıq, buyurun, eləyin. 2016-ci ildə də məsələni hərbi yolla həll edə bilərdik. Bizi saxladılar. Rusiya daxil başqa dövlətlər, beynəlxalq təşkilatlar dedilər ki, məsələ dinc yolla başa çatsın. Amma 4 ildə heç nə etmədilər, əksinə Paşniyan gəlib Qarabağa girdi. Müdafiə naziri dedi, yeni ərazilər işğal edəcəyik və s. Sonuncu vətəndaşımız belə şəhid olsa da, artıq geriyə yol yoxdur. Tam mənada Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşının iradəsi budur”.

 

Bahar Rüstəmli