Dünya 13:53 04.02.2013

Sosial xidmətlərin göstərilməsi qaydaları təsdiqlənib

Azərbaycan Nazirlər Kabineti «Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası»nı təsdiqləyib.
Bu qaydalar əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir. Qaydalara əsasən, eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir. Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ayrıca qeydə alınırlar, ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə isə evdə sosial xidmət göstərilmir.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, qaydalara əsasən, sosial xidmət üçün həm bu xidmətə ehtiyacı olanların özü, həm nümayəndələri, həm də müxtəlif qurumlar – bələdiyyələr və qeyri-hökumət təşkilatları da müraciət edə bilər. Bu xidmətlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət edilməlidir. Müraciətdən keçən 10 gün ərzində sosial işçi tərəfindən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi aparılır və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən hesabat və şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır. Hesabatın təqdim edildiyi gündən sonra, 5 iş günü müddətində Mərkəz tərəfindən sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

Qaydalara görə, evdə sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. Sosial işçi sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda, qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlillərin internat evinə, sağlamlıq imkanları məhdud uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik edir. Bundan başqa, sosial işçilər əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidməti də göstərmək, sağlamlıq imkanları  məhdud uşaqların gündəlik həyatda lazım olan  vərdiş və bacarıqlarını  inkişaf etdirmək, belə uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən, zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək və s. kimi işləri yerinə yetirəcək.

Sosial xidmətçilər isə evdə yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq, şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək, yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək, yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək, paltarların xırda təmirini etmək, mənzili yığışdırmaq və təmizləmək, zəruri  ərzaq, sənaye və məişət mallarını almaq, mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək kimi işlərlə məşğul olacaq. Bundan başqa, sosial xidmətçi istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq, həyətyanı sahəni nizama salmaq, evə həkim  çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək vəzifəsi daşıyır.

Qaydalara əsasən, sosial işçi xidmətə götürülmüş şəxsə fərdi plana uyğun olaraq xidmət göstərir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərilməsi vaxtı reabilitasiya xidmətinin növündən asılı olaraq tərəflərin razılığı ilə müəyyən edilir. Evdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə (səyyar) sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. Qismən ödənişli və tam ödənişli sosial xidmət tərəflər arasında bağlanmış sosial xidmət müqaviləsi əsasında həyata keçirilir.

Sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda, tənha ahıllar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası başa çatdıqda və s. hallarda sosial xidmətlərin göstərilməsi dayandırılır.

Qaynar.info