Dünya 09:06 16.05.2020

ÜST: Dünyada bir gündə COVID-19-a 90 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 4,34 milyon nəfərə çatıb.

Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, dünyada bir gün ərzində koronavirusa 90 mindən çox yoluxma qeydə alınıb. Bu halda COVID-19-dan ölüm hallarının sayı son gün ərzində 5 mindən çox artıb. Bununla da pandemiya qurbanlarının ümumi sayı 297 mini ötüb. 

ÜST-ün məlumatına görə, dünyada yeni virusa ümumilikdə 4 338 658 yoluxma və 297 119 ölüm qeydə alınıb. Son bir gündə COVID-19-a 90 629 yoluxma, 5 073 ölüm qeydə alınıb.

ÜST bildirib ki, statistik götəricilər yalnız rəsmi rəqəmləri əks etdirir.

Dünyada koronavirusa ən çox yoluxma Amerika qitəsində qeydə alınıb. Şimali və Cənubi Amerikada ümumilikdə 1 864 468 insan virusa yoluxub. COVID-19-a bir gün ərzində yoluxma 44 915, ölüm sayı 2 813 artaraq 111 934-ə çatıb.

Avropada koronavirusa ümumilikdə 1 826 295 yoluxma və 163 277 ölüm qeydə alınıb. Köhnə qitədə 24 saatda koronavirusa yoluxanların sayı daha 24 627 nəfər, ölənlərin sayı 1 864 nəfər artıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.