Dünya 16:27 08.03.2020

ÜST koronavirusdan ölənlərin sayını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı son vəziyyəti açıqlayıb.  

Qaynarinfo xəbər verir ki, son 24 saat ərzində Kolumbiya, Müqəddəs Taxt-Tac (Vatikan), Peru, Serbiya və Toqoda koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb. Bununla da xəstəliyin qeydə alındığı ölkələrin sayı 93-ə çatıb.

Ötən gün dünyada 3 min 735 nəfər koronavirusa yoluxub və beləliklə dünyada koronavirusa yoluxanların sayı 101 min 927 nəfər olub.

Virusun yayıldığı Çində son məlumata görə, 80 813 adam xəstəliyə yoluxub, onlardan 102 nəfəri son 24 saat ərzində xəstələnib. Bu vaxta qədər Çində ümumilikdə 3073 ölüm halı qeydə alınıb ki, onlardan 28-i son 24 saat ərzində baş verib.  

Martın 7-də digər ölkələrdə isə 3 min 633 nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb. Bununla da Çin istisna ilə, digər ölkələrdə koronavirus qurbanlarının sayı 413 nəfərə çatıb.